Azər Mehtiyev: ”Əhali arasında sorğu keçirilsə, dərman bazarında vəziyyətin nəinki yaxşılaşdığını, əksinə pisləşdiyini göstərər”
“Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır”.
Bu sözləri “Azərtac”-a müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimləməsi nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox qənaət edilir:
“Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur. Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir”.
Nazir vurğulayıb ki, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb.
İqtisadçı Azər Mehtiyev Meydan TV-yə deyib ki, bu sahədə monitorinq aparılmadığından konkret fikir söyləmək çətindir.
Ancaq Azər Mehtiyev aparılan müşahidələrin və mətbuatın yazdıqlarının fərqli mənzərəni ortaya qoyduğunu düşünür: “Məsələ ondadır ki, Azərbaycanda qiymətləri tənzimləmək siyasəti hələ özünü doğrultmur. Ona görə ki, dolların kursunun tez-tez qalxması apteklərdə bəzən dərman tapmaqda çətinliklər yaradır. Aptek sahibləri həftələrlə gözləyirlər ki, qiymətlərin qalxmasına uyğun yeni qiymətlər olsun. Yeni qiymətləri isə Tarif Şurası təsdiqləməlidir. Bu isə həftə ərzində dərman məhsullarının qiymətinin çox ciddi dəyişməsinə səbəb olur. Hər halda əhali arasında sorğu keçirilsə, dərman bazarında vəziyyətin nəinki yaxşılaşdığını, əksinə pisləşdiyini göstərər”.