Rövşən Ağayev: “Hər bir iqtisadi region üzrə ayrıca proqram olmalıdır”
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Məlumatı AZƏRTAC
yayıb.
Bildirilir ki, prezident İlham Əliyev də konfransda iştirak edib. Konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır.
“Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır. Ölkədə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub”.
Nazir deyib ki, bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
Onun sözlərinə görə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.
İqtisadçı Rövşən Ağayev xatırladıb ki, bu, regionların inkişafı ilə bağlı son 15 ildəki sayca 3-cü dövlət proqramıdır.
“Dördüncü proqram da olacaqmı – yəqin yaxın günlərdə bilinəcək. Amma yeni proqram tamamilə fərqli formatda olmalıdır”.
Rövşən Ağayev deyib ki, ilk növbədə, hər bir iqtisadi region üzrə ayrıca proqram olmalı və həmin proqramlarda aşağıdakılar əks olunmalıdır:
1) Proqramda hər bir regionun spesifikası nəzərə alınmaqla fürsətlər, təhdidlər, zəif və güclü tərəflər (SWOT analiz),
2) Siyasi, hüquqi, iqtisadi, sosial, texnoloji və institusional mühit amillər (PESTLE analiz)
3) Hədəflər, hədəflər yönəlik fəaliyyətlər, hədəflərə çatmanı ölçmək üçün yekun göstəricilər
4) Hər bir fəaliyyət üzrə tələb olunan resurslar.
İqtisadçının sözlərinə görə, məhz bu standartlara uyğun hazırlanacaq regioanal inkişaf proqramları yeni dövrün tələblərinə uyğun proqramlar sayıla bilər:
“Əlavə olaraq, bu proqramlar bütün maraqlı tərəflərin – vətəndaş cəmiyyəti və media, ixtisaslaşmış ekspertlər, biznes icmasının geniş və ortaq müzakirəsinin yekunu kimi ortaya çıxmalıdır”.
R.Ağayev deyib ki, regional inkişaf proqramlarının 15 illik yekunu olaraq bir müqayisəni də qoymaq istəyir. Rayonlarda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə ilk və son 5-likdə olan 10 rayon:
Naftalan – 415 manat
Mingəçevir – 205 manat
Abşeron – 195 manat
İmişli – 177 manat
Qəbələ – 142 manat
Yardımlı -33 manat
Cəlilabad – 36 manat
Goranboy – 42 manat
Masallı – 43 manat
Ucar – 45 manat