Dekabrın 26-da xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçririb.
Nazir çıxışında Azərbaycan-Ermənistan sülh prosesindən, Qərb və Rusiya ilə münasibətlərdən danışıb.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərindən söz açan Ceyhun Bayramov bildirib ki, iki ölkə arasındakı gərginlik AZAL təyyarəsinin qəzası ilə bağlıdır.
Azərbaycanda “Rus Evi”nin ləğvi prosesi başa çatıb
Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib və cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub.
“Həmin məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib. Dünən təyyarə faciəsinin ildönümü idi. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır”.
Nazir həmçinin bildirib ki, Azərbaycanda “Rus Evi”nin ləğvi prosesi başa çatıb:
“Təsisat Azərbaycanda uzun müddət qeydiyyatsız fəaliyyət göstərib. “Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Rusiyanın təyin etdiyi ləğvedicilər Azərbaycana gəliblər. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. “Rus Evi”nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb”.
2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysi üzrə uçan sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğradı, nəticədə 38 nəfər həlak oldu. İlkin araşdırmalar təyyarənin Rusiya hava məkanında xarici mdaxilə nəticəsində qəzaya uğradığını göstərdi. Azərbaycan Rusiyadan məsuliyyətin qəbulunu, üzr və təzminat tələb etdi, Moskvanın bunu qəbul etməməsi isə iki ölkə arasında ciddi diplomatik gərginliyə səbəb oldu. Təyyarə qəzasından sonra münasibətlərdə yaranan gərginlik fonunda Azərbaycan Bakıda “Rus evi”nin fəaliyyətini dayandırdı, “Sputnik Azərbaycan”ın isə akkreditasiyasını uzatmadı. Rəsmi Bakı bu qərarları siyasi deyil, qanunvericilik və milli informasiya təhlükəsizliyi tələbləri ilə izah etdi. Bu il oktyabrın 9-da Düşənbədə keçirilən görüş zamanı Prezident Vladimir Putin Prezident İlham Əliyevlə görüşü zamanı təyyarənin Rusiya ərazisində vurulduğunu etiraf edib, günahkarların cəzalandırılacağını və kompensasiya ödəniləcəyini vəd edib.
Ermənistanla sülh sazişinin imzalanması üçün şərtlər
Ceyhun Bayramov çıxışında Ermənistan-Azərbaycan münasibətlərindən də danışıb. Nazir vurğulayıb ki, paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir:
“Bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına istinadın dəyişməsidir. Ermənistan bu dəyişikliyi necə həyata keçirəcək, onların daxili işidir. Lakin bizim üçün əsas olan Müstəqillik Aktına istinadın dəyişməsidir. Bu məsələ hələ də bizim üçün önəmlidir və dəyişiklik nə qədər tez olarsa, müsbət addımlara da bir o qədər tez təsir edər”.
Bayramov çıxışında TRIPP layihəsinin önəmli olduğunu qeyd edib:
“Azərbaycanın Naxçıvanla əlaqəsinin yaradılması hələ 2020-ci il razılaşmasında nəzərdə tutulmuşdu. Bu illər ərzində Azərbaycan öz ərazisində işləri həyata keçirib və demək olar ki, tamamlanıb. Ermənistan isə öz ərazisində heç bir iş görməyib. Bunun səbəbini qiymətləndirmək çətindir, lakin fakt budur ki, bu illər ərzində heç bir iş aparılmayıb”.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Azərbycan bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası və sülh danışıqları aparılıb. Bu il avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi paraflanıb. Saziş çərçivəsində “Tramp yolu” (TRIPP) layihəsi ilə Azərbaycan Naxçıvan eksklavı ilə birləşəcək. Layihə ABŞ şirkətinin nəzarətinə veriləcək və 2026-cı ildə infrastruktur işlərinə başlanması planlaşdırılır. Bu ilin dekabrında Azərbaycan Ermənistana benzin ixrac edib (Gürcüstan vasitəsilə), həmçinin taxıl tranziti bərpa olunub, Rusiya və Qazaxıstandan gələn yüklər Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılır.
“AŞPA, Avropa Parlamenti kimi isə təsisatlar ikitərəfli münasibətlərdə neqativ gündəlik formalaşdırır”
Bayramov çıxışında Avropa Parlamentinin bugünlərdə Azərbaycana qarşı qəbul etdiyi qətnaməni də şərh edib.
“İndiyə qədər Avropa Parlamentinin Azərbaycanı hədəfləyən qətnamələri ilə bağlı çoxsaylı hallarla rastlaşmışıq. Avropa-Azərbaycan əlaqələri barədə danışarkən, qeyd etmək lazımdır ki, burada müxtəlif təsisatlar mövcuddur. Bir sıra qurumlar bizə qarşı müsbət mövqedədir və bizimlə əlaqələri inkişaf etdirmək istəyirlər. AŞPA, Avropa Parlamenti kimi isə təsisatlar ikitərəfli münasibətlərdə neqativ gündəlik formalaşdırır”.
“Milli Məclisin Avropa Parlamentinin qətnaməsinə çox tutarlı cavabı olub. 2025-ci ildə Avropanın bir çox təsisatları Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyiblər. Biz onların bu addımlarına müsbət cavab verdik, çünki Azərbaycanın Avropanın bütün qurumları ilə münasibətləri inkişaf etdirmək marağı var. Növbəti il Avropanın bəzi qurumları münasibətləri düzəltmək istəsələr, biz də buna müsbət cavab verəcəyik. Təəssüf ki, bizim edə biləcəyimiz çox şey yoxdur və onlara təsir imkanlarımız da yoxdur. Ümumilikdə, dekabrın 18-də bizə qarşı qəbul edilən qətnaməyə dair hesabat verməyi vacib bilmirik”, – Ceyhun Bayramov qeyd edib.
2023-cü ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə xitam verib. Səbəb kimi Azərbaycan parlamentində demokratik prinsiplərin və seçki proseslərinin beynəlxalq standartlara uyğun olmaması göstərilib. Həmçinin insan hüquqları, söz azadlığı və müstəqil media ilə bağlı narahatlıqlar da qeyd edilib.
Nümayəndə heyəti dərhal Assambleyadakı fəaliyyətini dayandırıb və qərarı qərəzli hesab edib.