Fazil Bağırov deyir ki, Ədalət Bağırov ASC-nin ona aid 62 faiz səhmini də mənimsəyib
Gədəbəyin Miskinli kəndində doğulmuş, hazırda Türkmənistanda fəaliyyət göstərən iş adamı Fazil Bağırov iqtisadçı Nazim Bəydəmirlidən şikayət edərək onu həbs etdirən qardaşı Ədalət Bağırovdan şikayətçidir.
Fazil Bağırov Meydan TV-yə deyir ki, Ədalət Bağırov “Avto Qarant“ Açıq Səhmdar Cəmiyyətinin ona aid 62 faiz səhmini mənimsəyib və illərdir ki, qaytarmaq istəmir.
Onun sözlərinə görə, 2003-cü ildə “Avto Qarant”ın səhmlərinin 62 faizini alıb:
“Türkmənistanda yaşadığım üçün səhmləri qardaşım Ədalət Bağırovun adına rəsmiləşdirmişəm. 2014-cü ildə qardaşıma dedim ki, mənim mülkümdür, səhmlərimi geri qaytarmalısan. Bundan sonra Ədalət Bağırov məndən qaçmağa başladı”.
Şikayətçi deyir ki, bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib:
“Orada rəis müavini Kərim müəllimlə görüşdüm, baş verənləri ona danışdım. O dedi ki, əgər sənin faktların düz olsa, problem yoxdur, sənin mülkündür, geri qaytarılacaq. Biz də bütün faktları ortaya qoyduq. Anam, bacım, digər qardaşım, əmim oğulları hamısı səhmlərin mənim olduğunu təsdiq etdilər”.
“Sonradan mən yenə də Türkmənistana qayıtmalı oldum. Mən gedəndən sonra onlar başqa qərar çıxardılar. Sonra pandemiya ilə əlaqədar yollar bağlı olduğu üçün Azərbaycana gələ bilmədim. İndi bu işi həll etmək üçün gəlmişəm. Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişəm ki, ərizəmi qəbul edin, faktlarla danışım. Daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənim işimə obyektiv yanaşılsın”, – Fazil Bağırov belə deyir.
“Avto Qarant“ Açıq Səhmdar Cəmiyyətinin 62 faiz səhminin sahibi, iş adamı Ədalət Bağırov Fazil Bağırovun iddialarını Meydan TV-yə şərh etmək istəməyib.
O, iddalara sadəcə, belə cavab verməklə kifayətlənib: “Məhkəmə prosesi olub, qərar da var. Sağ olun”.
Ədalət Bağırov “Avto Qarant“ ASC-nin əsas səhmdarlarından biridir.
Hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirli ilə də aralarında məhz ASC-dəki səhmlərə görə problem yaranıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi də Nazim Bəydəmirlini onun şikayəti əsasında saxlayıb. Halbuki Nazim Bəydəmirli buna qədər, özünün də dediyi kimi, dəfələrlə Ədalət Bağırovdan hüquq mühafizə orqanlarına şikayət edib.
2005-ci ildən məhkəməyə, daha sonra hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət edən iqtisadçı ASC-dəki yeyintilərlə bağlı məlumat verdiyini bildirib. Hətta son illər bununla bağlı daxili işlər naziri Vilayət Eyvazovun və Baş prokuror Kamran Əliyevin də qəbulunda olduğunu deyib.
Nazim Bəydəmirli məhkəmədə bildirib ki, “Avto Qarant“ ASC-də 30% paya sahib olub. Bir neçə il öncə Bağırovdan ASC-dəki səhmlərini geri istəyib. Bundan sonra aralarında mübahisə yaranıb.
Dediyinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra bu qurumun rəisi Əbülfət Rzayev onu şəxsən qəbul edərək problemi həll edəcəyini deyib, amma əksi olub.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də saxlanılıb.
Məlum olub ki, Ədalət Bağırov ASC-dəki səhmlərini satmaq istəyən Nazim Bəydəmirlidən şikayət edib və həbsinə nail olub.
İqtisadçıya qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var, çünki Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.
Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.
Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə pul tələb edərək sonda istədiyini alıb. Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: “Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.
O, özünü “ekologiya məhbusu” sayır.
Bundan başqa, Nazim Bəydəmirli hesab edir ki, Ədalət Bağırovu himayə edən qüvvələr onun həbsi üçün Söyüdlü hadisəsindən bəhanə kimi istifadə ediblər. Əslində isə həbsinə səbəb ASC-dəki səhmlərini geri və satmaq istəməsi olub.
Söyüdlüdə nə baş verib?
2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri bölgədə qızıl hasilatı ilə əlaqəli sianid tərkibli zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçirmişdilər.
Aksiyaya polisin müdaxiləsi nəticəsində 10-a yaxın yerli sakin xəsarət alsa da, bir qrup sakin barəsində isə inzibati qaydada həbs qərarı çıxarılıb.