Nazim Bəydəmirli: Problemli kreditlərin kompensasiyası məsələsində kifayət qədər ayrıseçkilik yaranıb

Onun fikrincə, bu baxımdan iş adamları nə qədər uzaqgörən olsalar da Mərkəzi Bankın sərəncamında olan instrumentlərə malik olmadıqlarından devalvasiyanı proqnoz edə bilməzdilər

Source: Foto: google.az


Qadir İbrahimli: ''Devalvasiya riskini Elman Rüstəmov özü də hesablaya bilməmişdi''

“10 ayda 122 faiz devalvasiya riskini heç bir sahibkar hesablaya bilməzdi. Bunu heç Elman Rüstəmov özü də hesablaya bilməmişdi və hesablaya da bilməzdi”.

Bunu iqtisadçı Qadir İbrahimli “Facebook” sosial şəbəkəsindəki profilində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun 10 min dollardan artıq problemli kreditlərə görə kompensasiyanın verilməsinin mümkünsüz olması barədə bəyanatına reaksiya verərək, yazıb.

Elman Rüstəmov bildirib ki, 10 min dollardan artıq kreditlərin əksəriyyəti biznes kreditləridir ki, burada da biznes fəaliyyəti ilə məşğul olan şəxslər riskləri nəzərə almalıdırlar.

“Dövlət bunun kompensasiyasını versə, bədəli ağır ola bilər”, –

Elman Rüstəmov

deyib.

Qadir İbrahimli
Qadir Ibrahimli

Q.İbrahimli xatırladıb ki, devalvasiyadan 3 ay əvvəl hökumət xarici iş adamlarını pullarını manata çevirməyə çağırırdı.

“15 min dollar kredit götürüb özünə balaca bir budka tikən adam də hökumətin bu çağırışlarına qurban getdi. Ona görə də hökumətin növbəti addımı 19 min dollardan yuxarı biznes krediti götürənlərlə bağlı olmalıdır. Bu kafa yiyəsini isə artıq istefaya göndərməyin vaxtıdır!”, – Qadir İbrahimli yazıb.

İqtisadçı alim Nazim Bəydəmirli isə Meydan TV-yə deyib ki, Elman Rüstəmov iş adamlarının diqqətli olması haqda xatırlatması təqdirəlayiqdir, doğru yanaşmadır bir şərtlə ki, ölkədə bazar iqtisadiyyatı olsun.

“Ancaq baş bankir həm də özünü təkzib edib. Çünki dəfələrlə valyuta məzənnəsinin sabit qalacağı haqqında devalvasiya öncəsi fikirlər bildirib. Birmənalı demək mümkündür ki, devalvasiyaların səbəbi Mərkəzi Bankın illərdir apardığı pul-kredit siyasətinin nəticəsi olub. Konkret olaraq, devalvasiya zamanı hökumət üzvləri və Elman Rüstəmov mətbuata açıqlamaları ilə Azərbaycanda manatın ucuzlaşması üçün heç bir iqtisadi əsasın olmadığını televiziya ekranlarından dəfələrlə bəyan ediblər. Mərkəzi Bankın sədri, hökümət üzvləri ilə birgə Rusiayada, Qazağıstanda və digər ölkələrdə yerli valyutaların ucuzlaşdığına baxmayaraq manatın sabit olacağı haqqında fikirlər yürüdərək həm sadə vətəndaşları həm də biznes adamlarını yumşaq desək aldadıblar”.

O qeyd edib ki, sonradan məlum oldu ki, sadəcə, hökumətin təzyiqi altında Mərkəzi Bank devalvasiyaya getməli oldu, inzibati yolla dolların kursunu 0.78-dən 1.05 manata qədər yüksəltdi.

“Bu amil Mərkəzi Bankın pul-kredit siyasətində müstəqil olmadığını təsdiqləyir. Baxmayaraq ki, Mərkəzi Bank hökumətin tərkibində deyil”.

N.Bəydəmirli xatırladıb ki, 2015-ci ildə birinci devalvasiyadan bir neçə gün öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov heç bir devalvasiya olmayacağını deyib. Amma 2 gün sonra manat 33 faiz ucuzlaşıb, bu isə şok effekti yaradıb.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Bir neçə ay ərzində dollar az qala 2 manata dəyişdirilirdi, sonradan ciddi valyuta intervensiyası nəticəsində dolları 1.7 manat səviyyəsində saxlamaq mümkün oldu. Son illərdə də ölkəyə daxil olan valyutanın artmasına baxmayaraq dolların sabit qalması və manatın möhkəmlənməsinin baş verməsi sübut edir ki, pul-kredit siyasəti bazar iqtisadiyyatının tələblərinə uyğun aparılmır”.

Onun fikrincə, bu baxımdan iş adamları nə qədər uzaqgörən olsalar da Mərkəzi Bankın sərəncamında olan instrumentlərə malik olmadıqlarından devalvasiyanı proqnoz edə bilməzdilər:

“Mülki Məcəllədə, həmçinin kommersiya bankları ilə bağlanmış kredit müqavilərində qeyd olunub ki, hökumətin qərarları ilə müqavilədə ödəniş problemi yaranırsa, bu, fors-major sayılır. Ona görə Mərkəzi Bank öz ehtiyatları hesabına həmin vəsaitləri restruktizasiya edib biznesmenlərə dəyən ziyanı nisbətən aradan qaldıra bilərdi. Milli Məclis üzvləri və rəhbərliyi bu məsələni gündəmə gətirməlidir. Əgər bazar iqtisadiyyatı şəraitində belə hal yaşansaydı, 10 min dolların da kompensasiya olunmasına razılaşmamaq olardı. Yəni problemli kreditlərin kompensasiyası məsələsində kifayət qədər ayrıseçkilik yaranıb. Zərərçəkənlərin bir qisminin ziyanı dövlət büdcəsi hesabına kompensasiya olunur, ancaq digər hissəsinin ziyanı gözardı edilir”.

N.Bəydəmirli vurğulayıb ki, hökumətin gözlənilməyən iqtisadi kataklizmlərdən vətəndaşları qorumaq vəzifəsi var, ancaq bu vergi ödəyicilərinin hesabına olmamalıydı.

“Günahı hökumətin Mərkəzi Banka olan təzyiqində axtarmaq lazımdır və bu kompensasiyalar əsl günahkar qurumun ya Mərkəzi Bankın ehtiyatları hesabına, ya da hökumətin hesabına Mərkəzi Bankdan borc götürərək etməsi daha ədalətli olardı. Hesab edirəm ki, dövlət büdcəsindən vəsait götürərək bir vergiödəyicisinin hesabına başqa bir vergi ödəyicisinin problemini həll etmək ənənəsinə son qoyulmalıdır”.

Ana səhifəXəbərlərNazim Bəydəmirli: Problemli kreditlərin kompensasiyası məsələsində kifayət qədər ayrıseçkilik yaranıb