Nazim Bəydəmirli: “Hüquqlarımı qorumaq üçün “qanuni oğrular”a müraciət etməliyəm?”

İş adamı Baş prokurora müraciət edib

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli səhmdar kimi uzun illərdir ki, hüquqlarının pozulduğunu deyir.

Bu barədə iqtisadçı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2004-cü ildə “Avto Qarant” ASC-nin əmlakının 30.0058% mülkiyyət hüquqları əldə etsə də, 1 il sonra problemlərlə üzləşib.

Onun sözlərinə görə, məlum olub ki, cəmiyyət daim zərərlə işləyib.

Bəydəmirli iddia edib ki, zərərə görə dividendlər səhmdarlar arasında bölüşdürülmür:

“Araşdırmalarım nəticəsində məlum oldu ki, cəmiyyətin gəlirləri aylıq 20000-22000 arasında imiş. Bunun da çox hissəsini cəmiyyətin rəhbərlik etdiyi şəxlər xəzinəyə mədaxil etmədən mənimsəyirlər”.

O, qanun pozuntularına görə ASC-nin səhmlərinin 61 faizinə şübhəli şəkildə sahib olmuş Ədalət Bağırovu ittiham edir:

“2003-cü ildən “Avto Qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan Ədalət Bağırov mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

Keçmiş deputat iddia edir ki, Ədalət Bağırov bunlarla yanaşı, cari vergi ödəmələrindən və sosial sığorta ödənişlərini ödəməkdən müxtəlif yollarla yayınıb:

“Hələ millət vəkili olan zaman onlarla səhmdarın şikayətindən mənə məlum oldu ki, doğma qardaşı və ASC-də həmin vaxt direktor müavini işləmiş əmisi oğlu Aydın Xıdırov birgə aldıqları 61% səhmi məhz Ədalət Bağırov Ukrayna vətəndaşıdır deyə onun adına rəsmləşdiriblər. Bu 3 şəxs arasında bu gün də mübahisələr davam edir və el dilində desək, adam öz qardaşına və əmisi oğluna “atıb””.

Nazim Bəydəmirli Baş prokuror Kamran Əliyevə müraciətində qeyd edib ki, Ədalət Bağırovu məhkəməyə versə də, o, həbs olunmayıb, ancaq islah işlərinə məhkum edilib:

“Adam bu qanunsuzluqlarını son illərə qədər Xətai rayon prokuroru olmuş Yusif İldırımzadənin şəxsi himayəsi altında edir. Hətta faktlar üzrə açılmış cinayət işləri 3-5 il istintaq süründürməçiliyə məruz qalmış, Ümumi Yığıncaqda əmisi oğlu Aydın Xıdırova xəsarət yetirib”.

“Xuliqanlıq etdiyinə görə polis tərəfindən 48 saat saxlanılan Ədalət Bağırov barədə prokurorluq məhkəməyə təqdimat verməyib, yenə də əməllərini ört-basdır edib. Xətai rayon prokuroru Sərdar İmanov təyin edildikdən sonra yenə də, bu “ənənə” davam edir”, – Bəydəmirli belə deyib.

Sahibkar bildirib ki, “AVTO-QARANT” ASC-nin səhmdarlarını prokurorluq orqanlarına Ədalət Bağırovun sənədləri hansı qaydada saxtalaşdırması barədə məlumat verilib:

“Bu hallardan bir daha aydın olur ki, Ədalət Bağırov son 12 ildə bütün yığıncaqları qanunsuz şəkildə keçirib və “özünə lazım olan qaydada” sənədləşmələr aparıb. Nəticədə dövlət orqanlarını aldadaarq saxta hesabatları təsdiq etdirib”.

“İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanunu şikayətlərim ört-basdır ediləcək? Hüququmu qorumaq üçün ölkəmizdə və xaricdə olan kriminal dairələr vasitəsi ilə həll olunması üçün “qanuni oğrulara” müraciət etməliyəm? Belədirsə, elə media vasitəsilə onlara müraciət edirəm ki, Azərbaycanda mənə vurulmuş zərəri “öz metodlarınızla” alın və alınacaq vəsaitlərin 50%-ni sizə halal edirəm”, – deyə Bəydəmirli qeyd edib.

Ana səhifəSosialNazim Bəydəmirli: “Hüquqlarımı qorumaq üçün “qanuni oğrular”a müraciət etməliyəm?”