Nazim Bəydəmirlinin azad olunması üçün Prezidentə müraciət edilib

Nazim Bəydəmirli. Foto: Meydan TV

Qeyd olunub ki, Nazim Bəydəmirli hazırda 62 yaşındadır, ömrünün 2 ilə yaxınını həbsxanada keçirib, səhhətində ciddi problemlər var

28 May – Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənildiyi bir vaxtda, bir qrup iqtisadçı alim və ekspert hazırda həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin azad olunması üçün ölkə başçısına müraciət edib.

“Nazim Bəydəmirli həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur”, – müraciətdə deyilib.

Əlavə olunub ki, Nazim Bəydəmirli hazırda 62 yaşındadır, ömrünün 2 ilə yaxınını həbsxanada keçirib, səhhətində ciddi problemlər var.

Müraciəti Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisadiyyat Universitetinin professoru Rasim Həsənov, Xəzər Universitetinin professoru İnqilab Əhmədov, iqtisadçılar Azər Mehtiyev, Elçin Rəşid, Samir Əliyev, Zöhrab İsmayıl və Vahid Məhərrəmov imzalayıb.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Nazim Bəydəmirli ittihamları qəbul etmir, özünü “ekologiya məhbusu” sayır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

2025-ci il 28 May – Müstəqillik Günündə İlham Əliyevin əfv fərmanı imzalayacağı gözlənilir.

Əfv Məsələləri Komissiyasının məlumatına görə, 2025-ci il ərzində ümumilikdə 800-dən çox müraciətə baxılıb.

Hazırda Azərbaycanda 350-dən çox siyasi məhbusun olduğu deyilir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir.

Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Ana səhifəSiyasətNazim Bəydəmirlinin azad olunması üçün Prezidentə müraciət edilib