”NAZ-lifan”-ın istehsalı dayandırılıb

Natiq Cəfərli: ”Zavodun iqtisadi rentabelliyi yox idi”

Source:


Natiq Cəfərli: ”Zavodun iqtisadi rentabelliyi yox idi”

Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Naxçıvan Avtomobil Zavodunun avtomobil istehsalıyla məşğul olduğunu iddia etməyi doğru saymır:

“Çünki zavodda istehsal getmirdi, maşın yığılırdı, yəni bütün detallar xaricdən, əsasən də Çindən gətirilirdi. Hökumətin iki devalvasiya qərarından sonra xaricdən gətirilən avtomobilin hissələri manat ekvivalentində çox bahalaşdı. Ardınca “NAZ-lifan” yeni qiymətlərini elan etdi və orta sinif avtomobilləri təxminən 22 min manata qədər bahalaşdı. Halbuki, Cənubi Koreya istehsalı olan avtomobillər 17-20 min manat civarındadır və bazarda da satış imkanları var”.

İqtisadçı Naxçıvan Avtomobil Zavodunun dayanaqlı olmasını mümkünsüz sayır:

“Mətbuatda da bağlanması ehtimalı barədə danışmışdıq, artıq ehtimalımız gerçəkliyə çevrildi”.

O, zavodda təxminən 180 nəfərə yaxın işçi çalışdığını və maşınların sifarişçisinin dövlət olduğunu dedi:

“Əsasən də Sosial Müdafiə Fondu vasitəsilə maşınlar alınıb paylanılırdı və vəsait də dövlət büdcəsindən ödənilirdi. Ona görə də heç bir iqtisadi effekti olmadı və indiki şərtlər çərçivəsində zavod bağlandı”.

Natiq Cəfərli

Naxçıvan Avtomobil Zavodunun itkilərinə gəlincə, iqtisadçı bildirib ki, itkilərin olması şübhəsizdir:

“Dövlət şirkəti olsa da, Naxçıvan Avtomobil Zavodu vəsait qazanırdı və işçilərə maaş verirdi. Sadəcə, bu layihə düşünülməmiş verilən qərardan başqa bir şey olmadığından aqibəti fərqli ola bilməzdi. Düzdür, prezidentin bütün məmurlara “NAZ-lifan”a keçməsi barədə göstərişi vardı. Amma Azərbaycanda dövlət sifarişilə alınan avtomobillərin sayı ilə Naxçıvan Avtomobil Zavodunun istehsal etmə qabiliyyəti eyni deyil. İkinci, keyfiyyəti eyni deyil, üçüncüsü, servisi yoxdur  və nəhayət, “NAZ-lifan” istehsal olunmur, hissələri xaricdən gətirilir və Azərbaycanda yığılır. Lap yerli avtomobil adı altında “Naz-lifan”a keçsələr də, yenidən ölkədən valyuta çıxmasının sürətləndirilməsinə səbəb olacaq. Çünki maşının detalları valyutayla alınır. Həm də zavodun iqtisadi məntiqi və keyfiyyəri aşağı olduğundan prezidentin göstərişinin yerinə yetirilməsi mümkün deyildi. Təsəvvür edin ki, zavodun buraxdığı avtomobillərin 80 faizindən çoxunu Sosial Müdafiə Nazirliyinin xəttilə alıblar, bu, bazarda “NAZ-lifan”ın satışının cüzi olduğunun göstəricisidir. 270 maşının sifariş verilməsi müsbət sayıla bilməz, çox kiçik rəqəmdir, bu, bir avtosalonun satdığı maşın sayıdır. Deməli, iqtisadi rentabelliyi yox idi”.

Modern.az yazır ki, bugünə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edirdi. Bunlar “NAZ-lifan 720”,  “NAZ-lifan 820” (Premium modellər), “NAZ-lifan 620”, “NAZ-lifan 630” (sedan modellər), “NAZ-lifan X50” və X60 (SUV), “NAZ-lifan 320” və 330 (mini) modelləridir.

“NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Ana səhifəXəbərlər”NAZ-lifan”-ın istehsalı dayandırılıb