“Millətin xeyrinə hardan bir işıq düşürsə, o işığı dərhal söndürürlər”
Naxçıvanın milli mobil operatoru “Naxtel” rəsmi məlumat paylaşaraq elan edib ki, dekabrın 1-dən fəaliyyətini dayandırır.
Məlumata görə, “Naxtel” abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə edib.
Bu mobil operatorun Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu ehtimal olunurdu. 2017-ci ildə Vasif Talıbov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, ona məxsus olduğu bildirilən Naxçıvandakı “Naxtel” mobil operatorunun taleyi barədə uzun müddət qapalı müzakirələr aparıldı. Hətta mobil operatorun “Azercell” tərəfindən satın alınacağı barədə xəbərlər dolaşırdı.
Lakin ötən günlərdə “Naxtel” qəfil olaraq bağlanacağını elan edib.
Bu məlumatdan sonra sosial mediada ekspertlər və istifadəçilər arasında ciddi müzakirələr başlayıb.
Müzakirələr əsasən o istiqamətdədir ki, İran və Ermənistanla sərhədi olan bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturu birdən-birə niyə ləğv edilsin?
“Naxtel” mobil operatoru 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub.
2018-ci ilin məlumatına görə, Naxtel abunəçilərinin sayı 30 minə yaxın olub.
2023-cü ildə şirkətə rəhbərlik edən Kamil Yusifovu Rəşad Namazov əvəz edib. Rəşad Namazov buna qədər “Araztech” MMC-ə rəhbərlik edilib. Naxteldə direktor dəyişikliyindən 1 ay öncə “Araztech” Naxtelə birləşdirilib.
“Naxtel” ölkənin dördüncü mobil operatoru olmaqla yanaşı, yeganə regional mobil operator şirkəti idi.
Məsələni sosial mediada şərh edərkən ekspert Osman Gündüz bildirib ki, “Naxtel” Naxçıvanda ən geniş əhatəyə malik mobil operatordur. “4G” xidməti ilə muxtar respublikanın ən ucqar yaşayış məntəqələrini belə sabit rabitə və internet ilə təmin edirdi. Üstəlik, geniş tezlik resurslarına sahib idi.
Osman Gündüz hesab edir ki, “Naxtel”in əhatə etdiyi ucqar ərazilər ya rabitəsiz qalacaq, ya da onların telefonlarında “İrana xoş gəlmisiniz” mesajı görünəcək və burda əsas məsələ təhlükəsizliklə bağlıdır.

Onun sözlərinə görə, Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatə edildiyindən, əvvəllər qanunsuz siqnal müdaxilələri daha çox İran tərəfindən gəlirdi:
“Uzun illər ərzində İran güclü radiorabitə vasitələrilə siqnallarını Azərbaycan ərazilərinə yönəltməklə informasiya məkanımıza müdaxilə edib. Lakin “Naxtel”in baza stansiyaları gücləndikdən sonra, xüsusən də DRİ (Dövlət Radiotezliklər İdarəsi) və BTİ (Beynəlxalq Telekommunikasiya İttifaqı) ilə birgə aparılan işlər nəticəsində Naxçıvanın informasiya məkanına İran tərəfindən olan müdaxilələrin qarşısı yetərincə alınırdı”.
Ekspert bildirib ki, ən təəccüblü məqamlardan biri də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, xüsusən də tənzimləyici qurum olan İKTA-nın prosesdən kənarda qalmasıdır:
“Böyük bir operator bazardan çıxır və ya çıxarılır, həm də müştərilərə sadəcə “digər operatorlara miqrasiya edin” absurd bir mesajı ötürülür. Belə bir hal, yalnız telekom sektorunda tənzimləyicisi olmayan ölkələrdə baş verə bilərdi”.
Osman Gündüz hesab edir ki, bu hadisə yalnız telekommunikasiya məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Ekspert digər mobil operatorların “Naxtel”i almaqdan imtina etdiklərini də deyib.
Meydan TV olaraq “Naxtel” mobil operatorunun Naxçıvanda yaşayan bəzi abunəçiləri ilə əlaqə saxladıq. Onlar hesab edir ki, digər mobil operatorlara keçmək onlar üçün faydalı da ola bilər. Çünki əvvəllər onlar “Naxtel” ilə olan nömrələrini Naxçıvandan kənarda istifadə edə bilmirdilər. Məsələn, əgər Bakıya gəlməli olurdularsa, bu zaman mütləq özlərinə yeni nömrə almalı idilər. İndi isə əldə edəcəkləri Azercell və ya Bakcell nömrələrini həm Naxçıvanda, həm də digər bölgələrdə istifadə edə biləcəklər. Abunəçilərin əsas narahatlığı Azercell və Bakcell kimi mobil operatorların tariflərinin “Naxtel” ilə müqayisədə daha bahalı olmasıdır.
Naxçıvanda yaşayan Zakir Babayev sosial şəbəkədə yazır ki, o, illərdir “Azercell” mobil operatorundan istifadə edib. Amma “Azercell”in son tarif qiymətlərindən sonra əlavə olaraq “Naxtel” nömrəsi də alıb:
“Düzünü desəm, “Naxtel”in keyfiyyəti o qədər də ürəkaçan deyil, amma region üçün xərcləri kifayət qədər uyğun idi. Məsələn, 20 manata 40 GB internet və eyni operatorlar arası limitsiz danışıq verirdi. Son tarif məsələsindən sonra insanlar ya birbaşa “Naxtel”ə keçdilər və ya alternativ olaraq “Naxtel” nömrə aldılar. Bu da digər operatorların bazarını öldürdü. Uzun sözün qısası, millətin xeyrinə hardan bir işıq düşürsə, o işığı dərhal söndürürlər”.
Bəzi “Naxtel” abunəçiləri də hesab edir ki, “Naxtel” həm sərfəli idi, həm də Naxçıvanın ucqar regionlarında belə yaxşı işləyirdi. Onlar digər mobil operatorların bunun öhdəsindən gələ biləcəklərinə tərəddüd edirlər.
Məsələ ilə bağlı adı çəkilən mobil operatorlar və məsul dövlət qurumlarından heç bir rəsmi açıqlama verilməyib.