Naxçıvandakı dəyişikliklər Konstusiyaya uyğundurmu?

Mənbə: Naxçıvan TV

Partiya sədrləri uyğunsuz saymır, gepolitik şərtləri önə çəkirlər

“Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasına səlahiyyətli nümayəndənin təyin olunması Azərbaycan Konstitusiyasına zidd deyil. Çünki səlahiyyətli nümayəndənin təyin edilib-edilməməsi və ya kim tərəfindən təyin olunması Konstitusiyada nəzərdə tutulmayıb”.

Bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ölkə başçısı İlham Əliyevin Naxçıvana səlahiyyətli nümayəndə təyin etməsini Meydan TV-yə şərh edərkən deyib.

Əlibəyli bildirib ki, Azərbaycan Konstitusiyasına görə, qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlər icraedici hakimiyyət – prezident tərəfindən həll edilir:

“Ona görə son fərman və sərəncamları Konstitusiyaya zidd saymıram”.

Foto: Amerikanın səsi

“O ki qaldı Naxçıvan Konstitusiyasına, Prezidentin hüquqi aktları yalnız Azərbaycan Konstitusiyasına və qanunvericliyinə uyğun gəlməlidir. Naxçıvan Konstitusiyası və qanunları da öz növbəsində Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olmalıdır. Azərbaycan dövlət başçısının hüquqi aktlarının Naxçıvan Konstitusiyasına uyğunluğu məsələsi qüvvədə olan qanunvericiliklə müəyyən olunmayıb”, – Əlibəyli belə deyib.

“Ali Məclis sədrinin səlahiyyətlərinin prezidentin səlahiyyətli nümayəndəsinə verilməsi Konstitusiyaya zidd deyilmi?” sualına Qulamhüseyn Əlibəyli belə cavab verib:

“Xeyr. İcra hakimiyyəti ilə bağlı məsələlər mərkəzləşmiş, birbaşa tabeçilik əsasında həll olunur. İcra başçılarınının təyini səlahiyyətlər “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamədə nəzərdə tutulmuşdu. Həmin əsasnamə ilə də müəyyən dəyişiklik edilmişdi”.

“Qanunların ierarxiyası baxımından Prezidentin fərmanı Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından üstün ola bilərmi?” sualına gəlincə, Qulamhüseyn Əlibəyli deyib ki, ölkə başçısının fərmanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun gəlməlidir:

“Naxçıvanın Konstitusiyası və qanunlarına uyğun gəlib-gəlməməsi müəyyən olunmayıb. Çünki Prezident bütün Azərbaycan ərazisində hüquqi aktlar qəbul edə bilir. Naxçıvanın Konstitusiyası isə həmin bölgənin orqanlarının qəbul etdiyi hüquqi aktlarının uyğunluğu məsələsini müəyyən edə bilər. Bir daha təkrar edirəm, ölkə başçısının dünənki fərmanları Konstitusiya və digər qanunvericilik aktları ilə hər hansı təzad təşkil etmir, suallar da doğurmur”.

Məsələnin siyasi tərəfinə gəlincə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son fərmanlarda və ondan əvvəlki həbslərdə yalnız siyasi səbəblər olmadığı qənaətindədir.

S.Əkbər bu cür hadisələrə geopolitik, geoekonimik, geomədəni və altmaraqlardan yanaşmağın tərəfdarıdır:

“Bu baxımdan “Naxçıvan məsələsi”nin də çoxsaylı səbəbləri var. Ən aktualı odur ki, yeni dünya nizami qurulur və bununla bağlı geopoltik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu qarşıdurmanın sınma xətlərindən biri də Cənubi Qafqazdan və Azərbaycandan keçir. Ona görə mürəkkəb proseslər tədricən kəskinləşir. Belə bir vaxtda ölkə rəhbərliyi mövcud geopolitik çağırışlara, risk və təhlükələrə, təhdidlərə adekvat cavab verməklə daxildə nizam yaratmalıdır. Bu nizamı pozan iki başlıca problem var: Qarabağ və Naxçıvan. Rəsmi Bakının masası üzərində bu iki məsələnin həlli dayanıb”.

Sülhəddin Əkbər, Foto: Meydan TV

Partiya sədri “Naxçıvan məsələsi”ndə xarici təzyiqləri də istisna etməyib:

“Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsini tam olmasa da, əsasən həll etməsi, “Zəngəzur dəhlizi” perspektivinin yaranması və ardınca Ankara ilə strateji sazişin imzalanması qonşu İranın Naxçıvanda kəşfiyyat fəaliyyətini gücləndirib. Dövlət Təhlükəsizlik Xidmətində olan məlumatlar, o cümlədən, Türkiyə və İsraildən alınan informasiyalarda İranın həmin ərazidə xüsusi iş aparması məlum olub. Naxçıvan rəhbərliyinin də buna əlverişli şərait yaratması bir amildir. Göstərilən korrupsiya faktları isə əməliyyatın başlanması üçün həssas istiqamətlərdir. Elə “Naxçıvan əməliyyatı” da korrupsiyayla mübarizə adıyla başladı. Ardınca inzibati idari islahatlara keçdi və nəhayət, rəhbərlik dəyişildi”.

S.Əkbər bildirib ki, baş verən dəyişikliklərdə ölkənin oliqarxsızlaşdırılması da vurğulanmalıdır:

“Hakimiyyət Qarabağ və Naxçıvan məsələlərini həll etməklə paralel Rusiyanın və İranın “5-ci kolon”unu da aradan qaldırmağa girişib. İranın “5-ci kolonu”na qarşı mübarizə açıq aparılırsa, Rusiyanın “5-ci kolonu”na qarşı mübaizə bir qədər qapalı, başqa ad altında aparlır”.

O, bundan sonra Naxçıvanın daxili siyasi həyatında istənilən fərqin olacağını düşünür:

“Bu fərq çoxlu amillərlə şərtlənir. Birinci, Naxçıvana Türkiyənin nəzarəti əvvəlkindən daha çox olacaq. İkinci, Naxçıvan camaatı siyasi cəhətdən aktivdir, yaranmış vəziyyət siyasi olmasa da, ən azı ictimai, sosial aktivliyi artıracaq. Göndərilən şəxsin təhsilinə baxdıqda və birbaşa Bakıya tabe olduğunu nəzərə aldıqda, yəqin ki, muxtar respublikada vəziyyət digər bölgələrlə eyniləşəcək”.

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Prezident İlham Əliyevin  imzaladığı fərmanda  2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə dəyişiklik edilib.

Naxçıvanda həbslər və struktur dəyişiklikləri…

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunurdu.

Ona qədər isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov (132 milyon mənimsəmə) və Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev (144 milyon mənimsəmə) barəsində eyni ittihamlar elan olunaraq həbs ediliblər.

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Prezident İlham Əliyev müvafiq fərmanı ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Buna qədər isə – noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılmışdı.

Ana səhifəSiyasətNaxçıvandakı dəyişikliklər Konstusiyaya uyğundurmu?