Qanunsuz fəaliyyətdə ittiham etmək məqsədilə onlara qarşı təxribat hazırlanır”
Avqustun 6-da günorta saatlarında Naxçıvanlı hüquq müdafiəçiləri İlqar və Məlahət Nəsibovların mənzilinə daxil olmağa cəhd edilib.
İlqar Nəsibovun “Turan İA”-a verdiyi məlumata görə, naməlum şəxs onların Heydər Əliyev prospekti, ev 37, mənzil 91 ünvanındakı evinin qapısını qırmağa çalışıb.
“Kilid mexanizmi bayır tərəfdən ciddi zədələnib. Görünür ki, kilid boşluğuna kilidaçan taxaraq qapını açmağa çalışıblar. Lakin buna müvəffəq olmayıblar” – deyə Nəsibov bildirib.
O hesab edir ki, bunu yalnız xüsusi xidmətlər edə bilərdi, çünki Naxçıvanda ümumiyyətlə oğurluq yoxdur: “Qapıların, mənzillərin və müəssisələrin qapıları, faktiki olaraq, açıqdır, burada çoxdan oğurluq hadisəsi olmur”.
Hüquq müdafiəçisi qeyd edib ki, evə təsadüfən qayıdıb, çünki həyat yoldaşı ilə birlikdə rayona qohumlarının toyuna getməyə hazırlaşırdı: “Bizim telefonlarımızı dinləyirlər və görünür, kimsə bizim yoxluğumuzdan istifadə etməyə çalışıb”.
Nəsibovların fikrincə, qanunsuz fəaliyyətdə ittiham etmək məqsədilə onlara qarşı təxribat hazırlanır.
Agentlik hesab edir ki, Bakıda vətəndaş cəmiyyətinə misli görünməmiş təzyiq fonunda Naxçıvanda, demək olar ki, yeganə olan hüquq müdafiəçilərinin təqibi tamamilə məntiqlidir.
Məlahət Nəsibova Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin rəhbəri, həmçinin jurnalistdir. İlqar Nəsibov da bu mərkəzdə işləyir və bir sıra KİV-lərlə əməkdaşlıq edir.
Əvvəlki illərdə Nəsibovlar yerli hakimiyyəti tənqid etdiklərinə və vətəndaş hüquqlarını müdafiə etdiklərinə görə müntəzəm olaraq təqibə məruz qalırdılar.