Ədliyyə generalı hakim qarşısına çıxarılır
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2023-cü ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi əməliyyatlar nəticəsində həbs olunan yüksək vəzifəli şəxslərin məhkəməsi başlayır.
Naxçıvanın Penitensiar Xidmətinin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov yaxın günlərdə hakim qarşısına çıxarılacaq.
Onun işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Təqsirləndirilən generalın işini araşdırmaq Hüseyn Məmmədovun sədrliyilə, Səxavət Hüseynov və İlham İbrahimovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
Tofiq Həsənovun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası noyabrın 23-nə təyin olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədildikdə) və başqa maddələrilə ittiham irəli sürülüb.
Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu.
O, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi.
O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.