Naxçıvanda bazarkom satıcı ana və oğlunu döyüb

Şərur rayonunun Ticarət Mərkəzinin rəhbərliyi ilə alverçi arasında qalmaqal yaşanıb

Source:

Şərur rayon Ticarət Mərkəzinin rəhbəri Hüseyn adlı şəxs alverlə məşğul olan qadını, eləcə də həyat yoldaşını döyüb. Naxçıvanlı jurnalist Həkimeldosyu Mehdiyevin sosial şəbəkədə yaydığı videogörüntüdə bu barədə məlumat verilir.

“Peraşki” satdığı köşkünün uçurulduğunu deyən qadını sözlərinə görə, Ticarət Mərkəzinin rəhbəri Hüseyn adlı şəxs tərəfindən döyülüb:

“Gəlib yoxlasınlar, “bazarkom” Hüseynin 5 dükanı var burda. Mən də burda balaca bir köşk qoymuşam, peraşki bişirib satıram. Oğlu ilə gəlib oğlumu da, ərimi də döydülər, köşkü uçurdular. Gəlib mənim ailəmə də, yaşayışıma da baxsınlar, oğlum, yoldaşım xəstə, qoca arvad var. Gəlib deyir “o köşkü yığışdır”. Deyirəm, ay Hüseyn qardaş, niyə yığışdırım? Mənim ailəm necə dolansın? İş-güc yox, məni keç, xəstə ərim, uşağım var. Mən neynəyim? Deyir: “Olmaz”. Oğluna zəng elədi, oğlu da gəlib yoldaşımı döydü. Məni əlindən güclə aldılar. Deyir: “Bizə heç kim heç nə edə bilməz. İcra hakimiyyəti başçısı bizə deyib ki, gedin kimi istəyirsiz döyün, sökün, tökün”. Niyə? Yolda keçməyə yer yoxdu, hamısı əlavə satış yerləridir. Piştaxtalarda bir nəfər alverçi yoxdu, hamısı bayırda alver edənlərdi. Bu əlavələrdən yığıb İcra Hakimiyyətinə də haqqını versin, Sosial Fonda da ödəsin. Qoysun bu kasıb-kusub ailəsini dolandırsın”.

Qadın hələ polisə şikayət etmədiyini deyir: “İndi gəlib döyüblər, hələ polisə şikayət etməmişəm. Edəndə də deyəcək ki, köşkünü söksün. Niyə söküm? Necə dolanım? Qurban olum, niyə imkan vermirsiz dolanaq? Bəs mən hara gedim? Naxçıvan üzrə heç bir yerdə burdakı qədər qanunsuzluq yoxdu. İcra Hakimiyyəti ilə birləşib bu camaatı yaşamağa qoymurlar”.

Qadının həyat yoldaşı kamera qarşısında soyunub bədənindəki xəsarət izlərini göstərir.

Meydan TV Hüseyn adlı şəxslə əlaqə saxlaya bilməyib. Şərur rayon İcra Hakimiyyətinin internet səhifəsində qeyd edilmiş telefon nömrəsinə isə cavab verən olmayıb.

Ana səhifəXəbərlərNaxçıvanda bazarkom satıcı ana və oğlunu döyüb