Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsi üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir

Source:


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsi üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir

Oktyabrın 20-də Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə 2016-cı ilin sentyabr ayında keçirilimiş referendumda Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərə uyğunlaşdırma xarakterlidir

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsi üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir. Muxtar respublikanın Nazirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti də götürülür. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi müəyyənləşir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblərə də dəyişiklik edilir. Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir və  bununıa da seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

Milli Məclis

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Yeni hallar – “Naxçıvan Muxtar Respublikasımn Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir” tələbinin və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozulmasıdır.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının Konstitusiyası arasında ziddiyyət var. O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. “Bu, Azərbaycan Respublikası Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim ki, bizim konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi ayrı-ayrı fəsillərdə öz əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Amma Muxtar Respublikanın Ali Məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni Konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmayıb.

Qüdrət Həsənquliyev

Buna görə də Muxtar Respublikanın rəhbəri vəzifəsinin – hansı ki, o, həm də icra hakimiyyəti funksiyalarını yerinə yetirir – Konstitusiyada sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Fikrimcə, biz tövsiyə etməliyik ki, Naxçıvan Muxtar Respublikasında bu məsələyə yenidən baxılsın və muxtar respublikanın konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın”.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərNaxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik edildi