“Bu qərarı əlbəttə ki, onlar yox, Kreml qəbul edib”
Kremlin tənqidçisi Aleksey Navalnının müttəfiqləri Rusiya hakimiyyətini müxalif siyasətçinin cümə günü Almaniyaya tibbi evakuasiyasına mane olduğu üçün günahlandırıb, – “Reuters” xəbər verir.
Agentliyin verdiyi məlumata görə, hakimiyyətin bu qərarı Navalnını ölüm təhlükəsi ilə üz-üzə qoyub.
Prezident Vladimir Putinin sərt tənqidçisi olan Navalnının içdiyi çaydan sonra zəhərləndiyi bildirilir. Siyasətçinin vəziyyəti ağır olaraq qalır.
Sibirin Omsk şəhərində onu müalicə edən həkimlər Navalnının vəziyyətinin dəyişkən olduğunu, həyatının hələ də təhlükə altında olduğunu bildiriblər.
Xəstəxananın baş həkiminin müavini Anatoli Kaliniçenko testlərdə zəhər izlərinə rast gəlinmədiyini deyib. Kaliniçenko ona qoyulmuş diaqnozu açıqlaya bilməyəcəyini deyib və əlavə edib ki, həkimlər Navalnının zəhərləndiyinə inanmırlar.
Navalnının müalicəsi üçün onu Almaniyaya aparmaq istəyən həyat yoldaşı Yulia və sözcüsü Kira Yarmış xəstəxananı buna icazə vermədikləri üçün qınayıb. Xəstəxana siyasətçinin vəziyyətinin qeyri-sabit olduğu üçün səyahətin onun həyatını təhlükəyə ata biləcəyini deyib.
Yarmış “Twitter”-də yazıb ki, Navalnının Almaniyaya aparılmasına qoyulan qadağa həkimlər və buna icazə verən orqanlar tərəfindən edilə qəsddir.
Onun sözlərinə görə, həkimlər əvvəllər onun köçürülməsinə razılıq verib, lakin son anda fikirlərindən daşınıblar.
“Bu qərarı əlbəttə ki, onlar yox, Kreml qəbul edib”, Yarmış deyib.
Cümə axşamı günü Kreml tibb işçilərinin onun Avropada klinikaya köçürülməsi ilə bağlı edilmiş tələbi dərhal nəzərdən keçirəcəyini deyib.
Hazırda Berlində yerləşən “Cinema for Peace Foundation” qeyri-kommersiya təşkilatı tərəfindən göndərilən hava təcili yardım maşını Navalnını Almaniyaya aparmaq məqsədiylə Omska eniş edib.
Navalnının komandası bildirib ki, hakimiyyətin gözləməsinin səbəbi onu zəhərləyən maddənin siyasətçinin bədənindən yoxa çıxması üçün zamana ehtiyacın olmasıdır.
Fransa da Navalnının müalicəsi üçün yardıma hazır olduğunu bildirib.