NATO yeni yollar axtarır

Ukrayna bəyanatı ilə ABŞ həm də onu demək istəyib ki, Rusiya özü bizlə danışmaq istəməməkdə sərbəstdir, amma başqalarının bizimlə ünsiyyətinə mane ola bilməz.

Foto:: Meydan TV


Söhbət MDB də iştirakı gücləndirməkdən gedir

Deyəsən, Ukraynanın NATO-ya yolları açılır. Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Austen deyib ki, Ukraynanın NATO-ya üzv olmasına hər hansı üçüncü ölkə veto qoya bilməz. ABŞ rəsmisinin bu fikirlərinin kimə ünvanlandığını düşünməyə elə də ehtiyac yoxdur, sözsüz ki, söhbət Rusiyadan gedir. Məsələn, hələ 2019-cu ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələrini nəzərdə tutaraq belə bir ifadə işlədib ki, NATO-ya qoşulan ölkələrlə münasibətlərimiz korlanacaq. Bu açıq-aşkar bir təhdid mesajıdır. Hədəfində hansı ölkələrin olduğunu düşünsək, təbii ki, bunlar Ukrayna və Gürcüstandır. Austinin sonuncu açıqlaması isə həm də ona görə maraqlıdır ki, Rusiya ilə NATO arasında münasibətlərin bəlli bir mərhələsi başa çatandan sonra verilib.


NATO Moskvadakı ofisini niyə bağlayıb?

Bu ilin oktyabrında mühüm olaylardan biri də NATO-nun Moskvadakı informasiya bürosunu bağlaması olub. Bu hadisəni Rusiya prezidentinin köməkçisi Peskov belə şərh edib: ""Tanqo" iki nəfərlə ifa olunan rəqsdir, NATO bunu tək icra etmək istəyir. Onsuz da aramızda heç bir dialoq yox idi, faktiki olan de-yure həyata keçib".

Bu açıqlama göstərir ki, Rusiya nə qədər diplomatik davranmağa çalışsa da, əsəbini gizlədə bilmir. “Onsuz da danışmırdıq” bəyanatı Kremlin diplomatik münasibətlərə dair özünüifşasıdır. NATO isə bölgədən əl çəkmək fikrində deyil. Ukrayna bəyanatı ilə ABŞ həm də onu demək istəyib ki, Rusiya özü bizlə danışmaq istəməməkdə sərbəstdir, amma başqalarının bizimlə ünsiyyətinə mane ola bilməz. Söhbət təkcə ünsiyyətdən də getmir, NATO-ya üzv olmaqdan gedir.


Təkcə Ukrayna deyil, həm də Cənubi Qafqaz…

Bu arada Cənubi Qafqaz ölkələrinə səfərini Azərbaycandan başlayıb Yerevanda yekunlaşdıran NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Javier Kolomina maraqlı da bir ifadə işlədib. O deyib ki, bölgədə NATO-nun iştirakının gücləndirilməsinin yollarını axtarır. Burada diqqətçəkən iki mühüm məqam var:


– Birincisi odur ki, Moskvadan çıxan NATO Cənubi Qafqazda iştirakı gücləndirmək istəyir. Deməli, Rusiyanın özünün dediyi kimi dialoqun olmaması artıq Şimali Atlantika hərbi alyansını daha korrekt və praktik addımlar atmağa vadar edir. Yəni Rusiya həm NATO ilə əməkdaşlıqdan imtina edib həm də onun genişlənməsinin qarşısını ala bilməyəcək.

Söhbət həm də ondan gedir ki, NATO genişlənmək planını başlıca olaraq anti-Rusiya proqramı çərçivəsində görmür. Rusiya bu proqramda ya müttəfiq, ya da aralıq maneə kimi nəzərdən keçirilir. Çünki planın hədəfi iqtisadi baxımdan genişlənməkdə olan Çinə qarşı təhlükəsizlik səddinin qurulmasıdır. Rusiya bu planda iştirak edəcəyi halda müttəfiq ola bilərdi. İştirak etmirsə, aralıq maneədir və aradan qaldırılması üçün addımlar atılacaq.


– İkinci mühüm məqam isə NATO-nun Cənubi Qafqazla bağlı yeni lüğətdən istifadə etməsidir. Yəni bu günə qədər “əməkdaşlıq”dan söhbət gedirdisə, indi biz “iştirakın gücləndirilməsi”nin aktuallığını görürük. Deməli, yeni hərbi-siyasi vəziyyət də qaçılmaz olacaq. Bunun paralelində isə biz yeni siyasi mənzərəni görəcəyik.

Ana səhifəXəbərlərNATO yeni yollar axtarır