NATO-nun Baş katibi Bakıda sülh mesajı verdi (yenilənib)

İlham Əliyev və Yens Stoltenberq. Fotolar: president.az

Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib ki, ölkənin Silahlı Qüvvələrində aparılan islahatlar yaxşı nəticələr verib:

“Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.

Prezident qeyd edib ki, Xarici İşlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir:

“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

“Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”,- deyə Əliyev əlavə edib.

İlham Əliyev hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələdə olduğunu bildirib:

Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”.

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”,- deyə Əliyev qeyd edib ki, bu, Azərbaycan üçün böyük təcrübə olub:

2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr hərbi qulluqçularımız olub. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

İlham Əliyev Yens Stoltenberqi noyabrda COP29-da iştirak üçün Azərbaycana səfərə dəvət edib.


Stoltenberq deyib ki, Azərbaycanın Alyans ilə uzunmüddətli əməkdaşlığını alqışlayır və tərəfdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyir.

Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib.

NATO Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və media qarşısında səsləndirdiyi bəyanatda deyib ki, Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir:

“Regionda sülh, sabitlik önəmlidir”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan uzun illərdən sonra dayanıqlı və davamlı sülhə nail olmaq üçün fürsət əldə ediblər:

Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik. Mən Azərbaycan Prezidentinin “hər iki tərəfin sülhə həmişəkindən daha yaxın olması” fikrini qiymətləndirirəm. Azərbaycanı Ermənistanla dayanıqlı sülhün əldə olunmasına təşviq edirəm”.

Y.Stoltenberq Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşı və müxtəlif sahələrdə əməkdaşlığını qeyd edərək bildirib ki, Azərbaycanın NATO-nun Kosovadakı missiyasına verdiyi töhfəni qiymətləndirirlər:

Biz eyni zamanda, sizin Əfqanıstandakı missiyamızda təmsil olunmağınızı və verdiyiniz töhfəni təqdir edirik. Azərbaycan Əfqanıstandakı missiyamızı tərk edən ən sonuncu ölkələrdən biri idi. Azərbaycan qüvvələri çox vacib missiyanı yerinə yetirdi, onlar Əfqanıstandakı hava limanının qorunmasına məsul idi. Bu onun göstəricisidir ki, bizim aramızda siyasi dialoqla yanaşı, praktiki əməkdaşlıq mövcuddur”.

Baş katib  Azərbaycanın COP29-a ev sahibliyinə də toxunub:

“İqlim dəyişikliyi təhlükəsizlik üçün, NATO üçün əhəmiyyət kəsb edir. Siz NATO müttəfiqləri olan bu ölkələrin və onların cəmiyyətlərinin dayanıqlı olmasında vacib rol oynayırsınız”.

O, iqlim dəyişikliyini qlobal böhran adlandırıb:

Biz iqlim dəyişikliyinin təsirlərini dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Təbii ki, dünyanın enerjiyə ehtiyacı var, amma biz həmçinin qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq.

Azərbaycan yalnız qaz ixrac etmir, eyni zamanda, biz alternativ enerjiyə investisiyanı görürük”,-söyləyən Baş katib Azərbaycanın günəş və külək enerjisi potensialı olduğunu vurğulayıb:

“Azərbaycan bunu Avropa bazarına çıxartmağa çalışır. Beləliklə, COP-29 dönüş nöqtəsi olacaq. Bu, iqlim dəyişikliyindən narahat olan hər kəs üçün, eyni zamanda, təhlükəsizlik üçün vacibdir”.

Hərbi-siyasi Alyansın rəhbəri NATO Baş katibi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyini bildirib:

“NATO müttəfiqləri davam edən bu müharibədən narahatlıq duyur və Ukraynaya yardımı davam etdirir. Mən Azərbaycanın Ukraynaya çox ehtiyac duyulan humanitar yardımına görə təşəkkür edirəm. Belə yardımlar çox vacibdir və davam etməlidir”.

O həmçinin Azərbaycanın enerji təhlükəsizliyini gücləndirdiyini də deyib:

“Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram”.

Baş katib “X” (Twitter) səhifəsində yazıb ki, o, Azərbaycanın Alyans ilə uzunmüddətli əməkdaşlığını alqışlayır və tərəfdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyir.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, açıqlamalardan sonra İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

NATO Baş katibinin növbəti səfəri Tbilisi və Yerevana olacaq.

Ana səhifəSiyasətNATO-nun Baş katibi Bakıda sülh mesajı verdi (yenilənib)