Alyans özünün də güclənməsinə ehtiyac duyur
“NATO-nun daha çox hazırlığa, daha çox silaha ehtiyacı var”.
İyunun 14-də Hərbi alyansın rəhbəri açıqlama verərək bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO daha da yüksək hazırlıq görməli və şərq sərhədində silah potensialını gücləndirməlidir.
İyunun sonunda NATO-nun sammiti keçiriləcək.
Belə bir ərəfədə baş katib Yens Stoltenberq Niderlandın Baş naziri Mark Rutte, Danimarka, Polşa, Latviya, Rumıniya, Portuqaliya və Belçika liderləri ilə Niderlandda qeyri-rəsmi danışıqlar aparıb və açıqlama da bundan sonra verilib.
“Madriddə duruşumuzun əsaslı şəkildə gücləndirilməsinə razılaşacağıq”, – o deyib.
Baş katib əlavə edib ki, gələcək planlar, avadanlıq və təchizata ehtiyacı müzakirə ediblər.
İyunun 14-də Ukrayna Prezidenti Volodimir Zelenskinin daha çox uzaqmənzilli silahlarla bağlı çağırışına cavab olaraq, Stoltenberq Kiyevin daha ağır silahlarla təmin edilməsi ilə razılaşdığını bildirib.
Amma o, əlavə məlumat verməyib.
“Ukraynanın daha çox ağır silahları olmalıdır. NATO müttəfiqləri və tərəfdaşlarını ağır silahlarla təmin edib”, – Stoltenberq bildirib.
Niderland lideri Rutte Haaqada jurnalistlərə deyib ki, silah baxımından Ukrayna ilə həmrəydirlər:
“Rusiyanın müharibədə uduzması çox vacibdir. Biz NATO qoşunları ilə Rusiya arasında birbaşa qarşıdurma yarada bilmədiyimiz üçün Ukraynanın bu müharibə ilə mübarizə apara biləcəyinə, bütün lazımi silahlara çıxışının olmasına əmin olmalıyıq”.
Rusiyanın fevralın 24-də Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukraynaya müdaxiləsindən sonra NATO Baltikyanı ölkələrdə daha da möhkəmlənib.
Stoltenberq bildirib ki, NATO-nun 30 üzv ölkəsi iyunun 29-30-da İspaniyanın paytaxtında görüşəcək.
Bu zaman alyansın daha da möhkəmlənməsi ilə bağlı müzakirələr aparılacaq.