Alyans məsələnin hərtərəfli araşdırılmasını istəyir
NATO “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah “X” hesabında yazıb.
“Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq”,- Fərəh Daxlallah qeyd edib.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.