Natiq Kərimov: Sakinləri məsciddən çıxarıblar

“Camaatın gözünün qarşısında bayraqları açmaqla qarşıdurma yaratmaq istəyirlər”

Source:


“Camaatın gözünün qarşısında bayraqları açmaqla qarşıdurma yaratmaq istəyirlər”

Nardaranda Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən aparılan xüsusi əməliyyat bu gün də davam edir, sakinlər bildirir.

Qəsəbə sakini Natiq Kərimovun sözlərinə görə, bu gün səhər saatlarında sakinlər toplaşdıqları məsciddən çıxarılıb.

“İmam Hüseynin qətlinin 40-cı günüdür. Camaatın matəmidir. Dedik ki, imkan verin təziyyə aparaq, amma dedilər yox”, deyən cənab Kərimov axtarışın aparılmasına etiraz etmədiklərini bildirir.

Cənab Kərimov deyir ki, icra hakimiyyətinin əməkdaşları qəsəbənin küçə və meydanlarındakı şüarları və bayraqları yığışdırırlar. O, bu halı “təxribat” kimi dəyərləndirdiyini də bildirir.

“Camaatın gözünün qarşısında bayraqları açmaqla qarşıdurma yaratmaq istəyirlər. Məsələni belə həll etməzlər”, o deyir.

Qəsəbə sakinin sözlərinə görə, qara bayraqlar məhərrəmlik ayına görə asılıb və 10 gündən sonra açılacaqdı.

“Belə şeylər etmək insanlarda ikrah hissi yaradır. Nardaranda Azərbaycan bayrağı bütün bayraqlardan yuxarıdadı”, Natiq Kərimov deyir.

Ötən cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.

Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində bir neçə gün etiraz aksiyası keçirilib və silahlı insident zamanı ölən kənd sakinlərinin cəsədlərinin verilməsini tələb ediblər.

Sakinlər BBC Azərbaycancaya aksiyanın bazar günü axşam saatlarında dayandırıldığını deyiblər.

Natiq Kərimov qəsəbəyə hələ də elektrik enerjisinin verilmədiyini əlavə edir.

Azərbaycanın Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, DİN Daxili Qoşunlarının və nizami polis hissələrinin xüsusi texnikası, şəxsi heyəti çərşənbə axşamı Nardarana daxil olub və müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Xüsusi əməliyyatın prezident İlham Əliyevin nəzarəti altında olduğu da qeyd edilir.

Məlumata görə, əməliyyatın məqsədi “ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması”-dır.

Natiq Kərimovun sözlərinə görə, əməliyyatın birinci günü qəsəbədə 22 nəfər saxlanılıb.

Bu barədə Baş prokurorluq BBC Azərbaycancaya “zərurət olduqca açıqlama veriləcək” deyib.

Cümə axşamı baş verən silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanları insidentdən sonra aralarında Taleh Bağırov da olan saxlanılanları “dini dövlət qurmaq” məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmaqda ittiham ediblər.

Ana səhifəXəbərlərNatiq Kərimov: Sakinləri məsciddən çıxarıblar