18.00. AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilov qarşılaşdığı durumla bağlı açıqlama yayıb. N.Ədilov bildirib ki, övladını Gürcüstana müalicəyə qardaşı
Murad Ədilovun həbsindən əvvəl aparmalıydı. Ancaq Muradın həbsinə görə aldıqları bileti də geri qaytarıblar.
“Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orda müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. Halbuki, pasportumun vaxtının bitmə tarixi 2021-ci ildir. Sual etdim, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib, ya əvvəl də belə hal olub. Dedilər, olub, sən tək deyilsən. Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin, verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır. Əlavə olaraq öyrəndim ki, pasportumla bağlı avqust ayından DİN belə bir göstəriş verib”, – deyə jurnalist bildirib.
Natiq Ədilov daha sonra yazır: “Deməli belə çıxır ki, hələ heç bir bəhanə olmasa belə hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə hər etimala qarşı belə qərar verilib ki, istəyəndə tutsunlar. Yoxsa, hələ ki, heç bir cinayət ittihami irəli sürülməmiş şəxsin xarici pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi? Nəhayət, mən soruşmaq istəyirəm: axı ilk gündən deyirəm, mənim azadlıqda olmağım hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar. Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiniz?”
Jurnalist yaranan problemlə bağlı sentyabrın 9-da daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini və eyni zamanda, vəkillərin iştirakı ilə məhkəmə iddası qaldıracağını bildirib.
***
17.20. AXCP sədrinin müavini Həsən Kərimov Meydan TV-yə bildirib ki, cəbhəçilərin telefonlarında problem olduğundan danışmaq mümkün olmayıb: “Ciddi problem yoxdur, hər şey normaldır”.
***
“4 saatdır 4 nəfərin taleyindən xəbər yoxdur”
Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan Saatı” proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən “Sınıq körpü” gömrük postundan buraxılmayıb.
Məlumatı Azadlıq Radiosuna AXCP Qazax rayon şöbəsinin sədri Sabir Mikayılov verib.
Şöbə sədri bildirib ki, Gürcüstana buraxılmayan Natiq Ədilov bir neçə yerli cəbhəçinin dəvəti ilə Qazax rayonuna yola düşüb. Bir müddət sonra isə onlarla əlaqə kəsilib.
“Bir neçə saatdır nə Natiq Ədilov, nə də onunla birlikdə olan digər cəbhəçilərin telefonuna zəng çatır, ona görə onların saxlanıldığını ehtimal edirik. Natiq bizim üzvlərimizdən birinə zəng vurub, bildirib ki, onu gömrükdən buraxmayıblar. Həmin üzvümüz də gedib gömrüyə, onunla görüşüb. Gömrükdən mənə zəng vurub dedi ki, Natiqi avtomobillə götürüb, rayona, evlərinə aparır. Bundan sonra bir neçə saatdır ki, nə Natiqə, nə də onun yanında olan digər şəxslərə zəng çatır. Ehtimal edirik ki, rayona getmək istəyərkən onları saxlayıblar”.
Ancaq Qazax Rayon Polis Şöbəsindən Azadlıq Radiosuna Natiq Ədilov və digər AXCP üzvlərinin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər.
AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə deyib ki, saat 10 radələrində Natiq Ədilov ailəsi ilə birgə övladını müalicə etdirmək üçün Tiflisə gedirmi. Azərbaycan sərhədində passport qeydiyyatından keçərkən onun pasportunun avqust ayından qapadıldığını bildiriblər. Natiq Ədilov, partiyanın Ali Məclisinin üzvü Ramil Carçıyev və Tahir Çaylı ilə birlikdə Qazaxın Çaylı kəndinə yola düşüblər.
“Daha sonra onlardan xəbər olmayıb, hazırda hər 3 şəxsin telefonuna zəng çatmır. Qazax Polis Şöbəsindən də onların gətirilmədiyi söylənilib. 4 saatdır 4 nəfərin taleyindən xəbər yoxdur”,- Gözəl Bayramlı belə deyib.
Bir müddət əvvəl jurnalistin qardaşı, AXCP üzvü Murad Ədilov narkotika ittihamı ilə saxlanıb. Murad Ədilov saxlanılarkən işgəncəyə məruz qalıb və bu fakt Beynəlxalq Amnistiya Təşkilatının açqlamasında yer alıb.