Cavad Cavadov: ”Hazırda onunla görüşmək üçün çalışırıq”
Avqustun 15-də vəkil Cavad Cavadov “Respublikaçı Alternativ” (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində olan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadov bildirib.
Vəkil deyib ki, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.
Vəkil bildirib ki, hazırda Natiq Cəfərliylə görüşmək üçün çalışır: “Alınsa, mütləq görüşəcəm”.
N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda, seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddələrilə ittiham irəli sürülüb.