Vəkil prosesin qapalı keçiriləcəyini deyib
REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.
Bu barədə Meydan TV-yə məlumat verən Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Vəkil prosesin qapalı keçiriləcəyini əlavə edib.
N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.