”Manat kütləsi artan kimi dollara təlabat artdı”
“Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur”.
Bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
“Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”, – deyə prezidentin köməkçisi qeyd edib (APA).
Natiq Əmirovun söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli hesab eidr ki, valyuta bazarındakı proseslər iqtisadi kateqoriyalarla ölçülmür və Azərbaycanda manatın məzənnəsi iqtisadi kateqoriya deyil. İllərdir bu məsələ siyasi məsələyə çevrilib və məzənnə iqtisadi əsasları olmadan inzibati qaydada müəyyən edilir.
Natiq Cəfərli bildirib ki, son dövrlər Neft Fondundan ayrılan vəsaitlərin hamısı hərraclarda satılır və valyuta alan bankların sayı hər gün artır: “Ancaq 2 ay öncə Neft Fondu hərraca çıxardığı vəsaitə alıcı tapa bilmirdi, səbəb də manat qıtlığı idi. İndi büdcə xərcləmələrinin artması və büdcədən ayrılan vəsaitlərin çoxalması, bəzi təmir-tikinti işlərinin yenidən başlanması canlanma yaratdı ki, manat kütləsini artırdı. Manat kütləsi artan kimi dollara da təlabat artdı, çünki ölkənin ciddi şəkildə idxaldan asılılığı var. Son həftələrdə hər gün 20-30 qəpik artmaqla rəsmi məzənnə 1.53-ə çatıb, halbuki, 1.49-a qədər enmişdi. Sadaladıqlarım valyuta bazarında sabitliyin olmadığını göstərir. Mərkəzi Bankın məzənnəni inzibati yolla müəyyənləşdirməsi dünyadakı iqtisadi proseslərlə paralelliyin olmadığına əsas verir. Dünya bazarında neftin qiyməti artırsa, Rusiyada rublun dəyər qazandığını söyləmək mümkündür. Neftin qiyməti enəndə isə rubl dollara nisbətən dəyərini itirir. Azərbaycanda isə milli valyuta bazardan asılı deyil, inzibat qaydada müəyyən edilən məzənnədir”.