Natiq Cəfərli REAL-ın yeni sədri seçilib

Foto: Meydan.TV

O, oktyabrın əvvəlində mətbuat konfransı keçirəcəyini deyir

Sentyabrın 21-də Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin toplantısı keçirilib.

Siyasi Komitənin yekdil qərarı ilə Natiq Cəfərli partiyanın yeni sədri seçilib.

Qərara əsasən, Natiq Cəfərli partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq:

“Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq”.

Natiq Cəfərli 1972-ci ildə anadan olub.

O, 1988-ci ildə Sankt-Peterburq (o vaxt Leninqrad) Dövlət İqtisad Universitetinə daxil olub, bir il yarımdan sonra Azərbaycan İqtisad Universitetində təhsilini davam etdirib.

Natiq Cəfərli Meydan TV-yə siyasi fəaliyyətə 2008-ci ilin dekabrında REAL Hərəkatının təsis edilməsi ilə başladığını bildirib:

“2009-cu ilin yanvarından isə hərəkatın qurucu üzvlərindən və ilk icra katibi kimi fəaliyyətə başlamışam”.

O, sədr seçilməsi ilə bağlı oktyabrın əvvəlində mətbuat konfransı keçirəcəyini vurğulayıb.

Sentyabrın 11-də REAL Partiyasının sədri İlqar Məmmədov vəzifəsindən istefa verib.

İlqar Məmmədov qərarını MSK-nın onun şikayətini rədd etməsi ilə əsaslandırıb:

Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib. Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

 REAL Partiyası 2008-ci ildə hərəkat olaraq təsis edilib.

2018-ci ildə hərəkat partiyaya çevrilib, bununla bağlı virtual olaraq keçirilən qurultayda 254 nümayəndə iştirak edib.

Partiya 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Ana səhifəSiyasətNatiq Cəfərli REAL-ın yeni sədri seçilib