Natiq Cəfərli: ”Qıtlıq yaransa, qiymətlər artacaq”

Pivənin nağd qaydada topdan satışı qadağan olunub.

Source:
Natiq Cəfərli

Pivənin nağd qaydada topdan satışı qadağan olunub.

Milli Məclisin 18 mart tarixli iclasında Cinayət Məcəlləsinin 2013-1.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb. Qanuna əməl etməyənlər 1000 manat cərimə, 1 ilədək müddətdə islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıralacaq.

Dəyişikliyə əsasən tütün ilə yanaşı pivənin də topdansatışında kart sistemi tətbiq olunacaq. Yeni dəyişikliklərdə belə deyilir:”Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları(malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, 1000 manat cərimə və ya 1 ilədək müddətdə islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıralacaq”.

Məsələ ilə bağlı iqtisadçi ekspert Natiq Cəfərli Cebhe.info-ya deyib ki, ticarət dövriyyəsinin leqallaşmasından sonra tutulan vergilərin məbləğinin artırılması təklif edilir:

“Amma bundan öncə də qərar verilmişdi və ləğv olundu. Yaxşı araşdırmalar aparılmamış bu məsələ yenidən kiçik dükanlara və sahibkarlara müəyyən problemlər yaşadacaq. Çünki kartla satışın təşkili üçün topdansatışlar da malı leqal şəkildə almalıdırlar ki, onların qanuni şəkildə daxilolmaları olsun. Ondan sonra hesabatlılıq artsın və bundan sonra satışı təşkil olunsun. Topdansatış müəssisələrinin buna imkanı olacaqmı? Bu da sual doğurur. Ola bilər ki, bu da topdansatış müəssisələrinin işləməsi üçün problemlər yaratsın. Ümumiyyətlə, ticarətlə məşğul olan kiçik dükanlarda problemlərin yaşanması ehtimalı çox yüksəkdir. Əsas məsələ isə dövriyyənin artırılması və ticarət dövriyyəsinin leqallaşmasından sonra vergi toplanması məsələsidir. Sivil ölkələrində və dünyanın hər yerində bu problem ümumiyyətlə yoxdur. Xaricdə köşklərdən qəzet almaqdan tutmuş avtomobilə qədər hər bir şey kartla satılır. Avropa ölkələrində də sistem elə yaradılıb ki, bank kartı ilə əməliyyatlar aparılır. Azərbaycanda təkçə alkoqollu içkilər və tütün məmulatları deyil, bütün ticarətin elektron formaya keçirilməsi üçün çalışmaq lazımdır. Bunun üçün insanları təşviq edən proqramlar həyata keçirmək lazımdır. Gürcüstanda kart vasitəsilə alış-veriş edənlər aldıqları qəbzdən həm də lotoreya bileti kimi istifadə edirdilər və bu halallıqla oynanılırdı. İnsanlarda buna artıq bir maraq oyanmışdı. Xalq alış-veriş etmək istəyirdi. Azərbaycanda isə həmişə qərarlar verilir, sonra qərarlar işlənərkən müəyyən problemlər yaranır. Daha sonra isə problemlərin həlli yolunda addımlar atılır. Əslində tamam tərsi olmalıdır. Qərarlar verilməzdən əvvəl bunun araşdırılması aparılmalıdır. Mən əminəm ki, həm topdansatış, həm də pərakəndə ticarət mərkəzlərində çox ciddi problemlər yaranacaq”.

Ekspert yaranacaq problemləri də önə çəkib. Deyib ki, söhbət qıtlıqdan gedir: “Bəzi topdansatış ticarətlə məşğul olan böyük müəssisələr kart sistemini hazırlayana qədər müəyyən vaxt sərf etmiş olacaqlar. Bununla ticarət həyata keçirə bilməyəcəklər. Ticarəti həyata keçirə bilməyəndə isə kiçik müəssisələrdən hər hansı bir malın alınmasında problemlər yaranacaq. Əsasən də kiçik dükanların özlərinin kart sisteminə keçməsi üçün kartla topdansatış müəssisələrindən məhsulun alınmasında müəyyən zamana ehtiyac yaranacaq. Bu məsələlər uzandıqca qıtlığın yaranma ehtimalı artır, qıtlıq yarananda isə qiymətlərin qalxma ehtimalı çox yüksələcək”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: ”Qıtlıq yaransa, qiymətlər artacaq”