İMF: Neftin orta illik qiyməti 2021-ci ilə qədər 51 dolları keçməyəcək
Beynəlxalq Valyuta Fondu (İMF) neft bazarı ilə bağlı proqnozunu açıqlayıb. Qurum, hazırda neftin barelinin qiymətinin 52 dollar olmasına baxmayaraq, 2021-ci ilə qədər neftin orta illik qiymətlərinin 51 dollardan aşağı olacağını proqnozlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə İMF-in “Ucuz neft iqymətləri ilə yaşamağı öyrənmək” adlı yeni hesabatında məlumat verilib.
İMF-in proqnozlarına görə, neftin barelinin orta illik qiyməti 2016-cı ildə 36 dollar/barel, 2017-ci ildə 42 dollar/barel təşkil edəcək. Sonrakı illərdə neftin orta illik qiyməti tədricən artaraq 2021-ci ilə qədər 51 dollar/barelə çatacaq. Fond, neft fyuçerslərini təhlil edərək bildirib ki, qiymətlər 2020-ci ilə qədər 50-55 diapazonunu keçməyəcək.
Məlumatı Meydan TV-ə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, “bu tək BVF’nun deyil, həm də bir çox digər nüfuzlu qurumların proqnozudur. Dünyada neft erasının sonuna çatırıq, 20 il öncə neft tükənən sərvət sayılırdı, indi məlum olur ki, dünyada neft ehtiyatları son 20 ildə azalmayıb, tam tərsi, 5-6 dəfə artıb”.