Natiq Cəfərli: Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq

”Ərzaq inflyasiyası rəsmi inflyasiyanı 3 dəfəyə qədər qabaqlayacaq, sonda zərbə sadə istehlakçının cibinə dəyəcək”

Source:


”Ərzaq inflyasiyası rəsmi inflyasiyanı 3 dəfəyə qədər qabaqlayacaq, sonda zərbə sadə istehlakçının cibinə dəyəcək”

Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Hazırda bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.

Nazirlər Kabinetinin qərarında məntiq görməyən iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, hökumət bununla guya, daxili istehsalı, istehsalçını qorumaq istəyini ortaya qoyur, ilk baxışdan, hətta, doğru da görünə bilər.

Natiq Cəfərli foto Meydan TV

Ancaq iqtisadçı sual edir: “Hökumətdə bir savadlı adam çıxıb hesablayıbmı ki, daxili istehsalımız, məsələn, toyuq ətində, yumurtada, meyvə-tərəvəzdə nə qədərdir? Bu həcm daxili təlabatımızı ödəyəcəkmi? Rüsumların artırılması daxili bazarda qiymətlərə necə təsir edəcək? Daxili istehsalçı, xaricdən gələn, məsələn, toyuğun qiymətində artım olacaqsa, öz qiymətlərini də ona uyğun artırmayacaqmı? İndiki çətin iqtisadi və sosial durumda bazarda bolluq yaradıb qiymətləri aşağı çəkməkmi məntiqlidir, yoxsa 3-5 daxili istehsalçının maraqlarını qorumaqmı? Hansı ki, o bəzi iri daxili istehsalçılar da elə iri çaplı məmurlara məxsus obyektlərdir? Mən, bir istehlakçı kimi, niyə uduzmalıyam? Niyə seçim imkanlarından məhrum olmalıyam, niyə daxili məhsulu seçməyə məcbur edilməliyəm?! Bu sualların cavabını verəncək araşdırma aparmağı bacaran bir Allah bəndəsi varmı hökumətdə?!”.

Natiq Cəfərli düşünür ki, Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq. Ərzaq inflyasiyası rəsmi inflyasiyanı 3 dəfəyə qədər qabaqlayacaq, sonda zərbə sadə istehlakçının cibinə dəyəcək”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Nazirlər Kabinetinin qərarı ciddi qiymət artımına səbəb olacaq