“2014-2016-ci illərdə isə onların nominal orta aylıq əməkhaqqı 542 dollardan 239 dollara düşüb”
“2016-cı il iyulun1-nə ölkədə rəsmi inflyasiya 11% olub, deməli, muzdla çalışanların real gəlirləri 6,8% artmayıb, əksinə, 4,2% azalıb”.
Bu haqda “Respublikaçı Alternativ” (REAL) hərəkatının idarə heyyətinin üzvü Natiq Cəfərlinin avqustun 12-də “facebook” sosial şəbəkəsində iqtisadi göstəricilərə dair sonuncu statusunda yazıb.
İqtisadçı inflyasiya göstəricisinin fonunda Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərə verilən orta aylıq nominalı əməkhaqqı artımı ilə bağlı açıqlanan rəsmi rəqəmlərin şişirdildiyini bildirib.
“Rəsmi statistik məlumatda bildirilir ki, 2016-cı il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521.1 min nəfər olub, onlardan 889.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 631.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2014-cü il yanvarın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510.1 min nəfər olub və onlardan 900.2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609.9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Analizlər isə göstərir ki, son 2.5 ildə Azərbaycanda muzdla çalışan işçilərin sayında cəmi 11 min nəfər artım olub. Dövlət sektorunda çalışanların sayı 10.500 nəfər azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı 21.500 nəfər artıb.
2016-cı il iyulun 1-nə olan rəsmi məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub.
2014-cü ilin yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 423 manat olduğu açıqlanıb.
Nəticə isə budur ki, son 2.5 ildə ölkədə nominal orta aylıq əmək haqqı manatla cəmi 65 manat 10 qəpik artıb. Dollar ekvivalentində 2014-cü ilin yanvarın 1-də nominal əməkhaqqı 542 dollar idisə, 2016-cı ilin iyulun 1-nə olan rəsmi məlumata görə, çalışanların nominal əmək haqqı cəmi 303 dollar olub, deməli, son 2.5 ildə ölkədə muzdla çalışanların əmək haqqı dollar ekvivalentində 239 dollar (bu günə olan rəsmi məzənnə ilə, 385 manat) aşağı düşüb”.
“Analoqu olmayan, sürətlə inkişaf edən ölkəmizdə rəsmi rəqəmlərə görə son 2.5 ildə əmək bazarında belə acınacaqlı vəziyyət yaranıbsa, bunun adı sistem böhranı deyil də, bəs nədir?”, – deyə iqtisadçı soruşub.
Avqustun 12-də Nəsimi Rayon Məhkəməsi ReAL İdarə Heyyətinin üzvü, iqtisadçı Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Ona qarşı CM-nin 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddələrlə ittiham irəli sürülüb.
İqtisadi-siyasi şərhləri ilə tanınan N.Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış “Respublikaçı Alternativ” (REAL) hərəkatının həmtəsisçisidir.