Natiq Cəfərli: “Konstitusiyanı dəlmə-deşik ediblər…

“Dövlət o xidməti bizim hamımızın ödədiyimiz vergi ilə göstərir, yaxşı, o zaman “COVID” pasportu olmayanlardan vergi də almayın…”

Source: Specify Source


"Vaksin vurduran vətəndaş 1 ay kommunal xərclərdən azad edilsin"

Avqustdan 16-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qəbul mərkəzləri və DOST mərkəzlərində yalnız "COVİD-19" pasportu olanların müraciətlərinə baxılacaq.

"Vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya "COVID-19"dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək", – ƏƏSMN-in məlumatında belə deyilir.

"Eyni zamanda, vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da, "COVİD-19" pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək", – nazirlik bildirir.

Məlumatda qeyd edilir ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda "əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına" xidmət edir.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyir ki, bu qərar Konstitusiyaya ziddir: "Konstitusiyanı, zatən, dəlmə-deşik ediblər, amma bu qədər də gözləmirdim. Toya-yasa "COVID" pasportla buraxma qərarını keçdik, idman zallarını da anladıq, bunlar özəl sektordu, həyati əhəmiyyəti yoxdur (hərçənd bu da ayri-seçkilikdir), amma dövlətin sosial xidmətini "COVID" pasporta bağlamaq nə deməkdir? Dövlət o xidməti bizim hamımızın ödədiyimiz vergi ilə göstərir, yaxşı, o zaman "COVID" pasportu olmayanlardan vergi də almayın, sosial xidmət də göstərməyin, hərə öz başının çarəsinə qalsın".


Vaksinləşmə qanunla məcburidirmi?

Natiq Cəfərli bildirir ki, heç vaksin olunmaq da qanunla məcburi deyil: "Belə olan halda, ayrıseçkilik anlaşılmazdır. Bu nə "covid-faşizmdir"? Vaksinləşməni stimullaşdırmaq istəyirsiniz, olsun, bir çox ölkələrdə olduğu kimi pullu-hədiyyəli edin. Məsələn, vaksin vurduran hər kəsə 100 manat ödəyin, olsun-bitsin! Və ya vaksin vurduran vətəndaş 1 ay kommunal xərclərdən azad olsun, belə addımlarla stimul yaradın, daha dövlətin vətəndaşlara ayrı-seçkiliyi nə məsələdi axı? Bu həm qanunsuzdur, həm də Ana Yasanın pozulmasıdır. Məsələ ilə bağlı Konstitutsiya Məhkəməsinə müraciət hazırlamaq lazımdır", – deyə Natiq Cəfərli əlavə edir.

Natiq Cəfərli
Natiq Cəfərli

Sentyabrın 1-dən koronavirusa qarşı peyvənd olunmayan şəxslərin kafe və restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara girişi məhdudlaşdırılacaq. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Vətəndaşlar həmin obyektlərinin girişində "COVID-19" pasportu və ya İmmunitet sertifikatı təqdim etməli olacaqlar. Eyni zamnda, həmin tarixdən 18 yaşından yuxarı tələbələrdən də COVID-19 pasportu istəniləcək.

Hazırda həmin məhdudiyyət idman zallarına, şadlıq saraylarına və dini ibadət yerlərinə şamil olunur.

2019-cu ilin sonlarında Çində yüranıb dünyaya yayılan yeni koronavirusdan indiyədək 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Ən son açıqlanan statistikaya görə, indiyədək Azərbaycanda ümumilikdə 352 min 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 335 min 336-sı sağalıb, 5 min 72-si vəfat edib, aktiv xəstə sayı 12 min 518-ə yüksəlib.

Ana səhifəSosialNatiq Cəfərli: “Konstitusiyanı dəlmə-deşik ediblər…