Natiq Cəfərli: ”Hökumət nə etməli olduğunu bilmir”

“Qəbul edilən qərar 11 gün sonra ləğv edilirsə, deməli, ortaq proqram yoxdur və başıpozuqluq var”

Source:


“Qəbul edilən qərar 11 gün sonra ləğv edilirsə, deməli, ortaq proqram yoxdur və başıpozuqluq var”

Yanvarın 12-dən etibarən spirtli içkilərin satışına qoyulan qadağa dayandırılıb. İqtisadçı Natiq Cəfərli məsələni Meydan TV-yə şərh edib. O, mövcud şəraitin yaranmasını idarəetmə xaosu və boşluğu ilə bağlayıb: “Düşünülmədən və hesablamalar aparılmadan verilən qərar 11 gün sonra ləğv olunursa və bunun formal prosedurlarına əməl olunmursa, başqa izah vermək mümkünsüzdür. Əgər qanuni şəkildə olmalıydısa, Milli Məclis qərar verməli idi. Yaxud prezidentin sərəncamı olmalıydısa, sərəncam imzalanmalıydı. Vergilər Nazirliyi icraedici orqandır, bu qurumun qərarı ilə hər hansı qanunda dəyişiklik etmək nonsens və absurddur. Və Azərbaycanda idarəetmə xaosunun nəticəsidir ki, pis durum yaranıb”.

Natiq Cəfərli plastik kartlarla alış-verişin yaranmasını normal hal sayır: “Dünyanın bütün ölkələrində bu qayda həyata keçirilib. Ancaq Azərbaycanda bu qaydanın tətbiqindən əvvəl bir çox islahatlar və maarifləndirmə işi aparılmalıydı. İkinci vəzifə biznesi buna hazırlamalıydılar. Plastik kartla alış-verişin çətin olmasının əsas səbəbi odur ki, biznesi illərlə “qara mühasibat”la işləməyə məcbur ediblər. Əgər iş adamı plastik kartla hər hansı məhsul satırsa, onun leqal şəkildə ticarət dövriyyəsinə daxil olunması təmin edilməlidir. Azərbaycanda bunlar yoxdur, yəni ölkəyə gətirilən və istehsal olunan malların əksəriyyəti qeydiyyatdan kənardadır. Ona görə mal və məhsulları rəsmiləşdirib qaimələr şəklinə salmaq mümkün olmur. Bu baxımdan plastik kartla alış-veriş çətin alındı və hökumət bunu anladığından qərarını ləğv etdi. Yanvarın 1-dən bu qayda tətbiq olunanda “məntiqi” əsası o idi ki, guya, ticarət dövriyyəsi artacaq və bu da əlavə vergi gəlirləri gətirəcək. Amma bunlar mümkünsüz idi. Ən yaxşı halda o oldu ki, dükanlar, ümumiyyətlə, spirtli içkini yığışdırdılar. Yanvarın 12-də qərarı ləğv etdilər, bundan sonra Vergilər Nazirliyi ənənəvi üsullarından istifadə edəcək. Yəni hər bir obyekt üçün özlərindən vergi dərəcələri tətbiq edəcəklər, bu da narazılıq yaradacaq”.

Natiq Cəfərli əvvəlki qaydayla da büdcəni doldurmağın mümkün olmadığını düşünür: “Çünki ölkədə ağır iqtisadi şərait var və hökumət biznesə nə qədər müdaxilə edəcəksə, bir o qədər ticarət obyektləri bağlanacaq və nəticədə insanlar işsiz qalacaq. Onsuz da qiymətlər artacaq, bunun da səbəbləri var: manat dəyərdən düşüb, ölkədə heç bir şey istehsal olunmur, əsasən də ərzaq məhsullarının 70 faizinin xammalı xaricdən gətirilir. Bu mənada labüd olan qiymət artımının qarşısını inzibati yollarla almaq mümkün deyil və əks proses baş verəcək, yəni qiymətlər bir daha artacaq, qıtlıq yaranacaq və “qara bazar” işə düşəcək. Bu mənada Respublika Prokurorluğunun yumurta biznesi ilə məşğul olanlara qarşı cinayət işi açması tamamilə absurddur. Çünki yumurta bazarı inhisarçı bazar ola bilməz. Məsələ ondadır ki, toyuq yemləri və dərmanlar da xaricdən gətirilir. Ona görə yumurtanın qiyməti artmalıdır. Respublika Prokurorluğunun tədbiri istehsalı aşağı salacaq və daha çox qiyməti artıracaq”.

Natiq Cəfərli hesab edir ki, indiki vəziyyətdə hökumət nə etməli olduğunu bilmir. Qəbul etdiyi qərarı 11 gün sonra ləğv edirsə, deməli, ortaq proqram yoxdur və başıpozuqluq var.

Ana səhifəXəbərlərNatiq Cəfərli: ”Hökumət nə etməli olduğunu bilmir”