Neftçalada İran avtomobillərinin istehsalı anons edilib
“Azərbaycan avtomobil sənayesinin və ehtiyat hissələri istehsalının inkişafı üçün əlverişli məkandır”.
Bunu “Trend”-ə İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari
deyib
.
O, Azərbaycanda bu sahənin inkişaf edə biləcəyini hesab edir:
“Ümid edirəm ki, Azərbaycanda tezliklə avtomobil istehsalı üzrə birgə müəssisəmizi açacağıq”.
2018-ci ilin birinci rübündə Neftçala sənaye məhəlləsində İran-Azərbaycan birgə avtomobil zavodunun açılması gözlənilir. Müəssisənin həmtəsisçiləri “İran Khodro” və “Azeurocar” şirkətləridir.
Bu zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” avtomobil markaları, həmçinin “Peugeot”nun bir sıra modellərinin buraxılışı gözlənilir. Layihə 24 milyon manat həcmində dəyərləndirilir. Zavodun illik gücünün isə təqribən 10 min avtomobil təşkil edəcəyi bildirilir. Gələcəkdə bu avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır. Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı da məlumdur: “Crown” (tac). Bunu isə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov
deyib
.
Onun sözlərinə görə, bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib.
“İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, “S 5” (sadə) və “L 5” (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq”.
“Azərmaş” rəsmisi qeyd edib ki, zavodun açılışı martın sonuna planlaşdırılır. Açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq: “Bu avtomobillər “Peugeout”un bazasında yığılacaq. Qiyməti 14-16 min manat arası, mühərrikin həcmi isə 1,7 litr olacaq”.
ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda iki dəfə avtomobil yığılması (məhz yığılması, istehsalı deyil) təcrübəsi olub. Onların hər ikisi də fiasko ilə nəticələnib:
“Həm Şamaxıda, həm Naxçıvanda daha maşın yığmırlar. Yığırdılar deyəndə ki, korpusun içində motor, altında bütün sistem hazır şəkildə ölkəyə gətirilirdi. Təkərlər və güzgülər ayrı gəlirdi, güzgüləri qapıya bağlayırdılar, təkərləri yerinə taxırdılar – vəssalam. Adını da “istehsal” qoymuşdular. Əslində rentabelli avtomobil istehsalı üçün detalların ən azı 30-35 faizi yerli müəssisələrdə hazırlanmalıdır. O maşınlarda isə yerli olan ancaq təkərə vurulan Şamaxı və Naxçıvan havası idi”.
İqtisadçı bildirir ki, bu iki fiaskodan sonra hökumət dərs çıxartmadı. Üçüncü addım atdı – Neftçala Avtomobil Zavoduna (yenə NAZ) bir ətək pul xərclədi.
Natiq Cəfəli qeyd edib ki, dünya artıq süni intellektə malik, sürücüsüz maşın buraxır, elektrokarlara keçir, bunlar mexaniki “korobka” ilə maşın yığıb ixrac etmək istəyirlər:
“O maşınlarda da yerli “detal” təkərlərə vurulan Neftçala havası olacaq. Bütün detallar valyuta ilə xaricdən alınacaq, dollar qalxan kimi detalların, deməli, maşınların da qiyməti manatla qalxacaq və geridəqalmış sürət qutusu ilə o maşını baha qiymətə kim alacaq?! Xaricə hara satacaqlar? Gürcüstana? Bu ölkə çox ağıllı gömrük siyasəti ilə bütün avtoparkını yeniləyib, bölgədə ən ucuz maşın ordadır. Rusiyaya satacaqlar? Bu ölkə özü keyfiyyətsiz “təkərli vedrələr” buraxır, bizdən niyə baha maşın alsın ki?! İrana? Zatən Neftçalada İran maşını yığacaqlar, yəni “monqol turistləri, monqol dublenkasını” buradan niyə alsınlar ki?
Demək istəyirəm ki, eyni səhvi üçüncü dəfə təkrar edən hökumətə “bacarıqsız” demək də artıq kompliment olar”.
Neftçala Avtomobil Zavodu Azərbaycanda açılan ilk avtomobil zavodu olmayacaq. 2016-cı ilin yanvarında – prezident dövlət məmurlarına yerli avtomobil minməsini məsləhət görəndən sonra gözlər Naxçıvanın “Nazlifan”ına dikildi.
“Nazlifan” istehsalı 2014-cu ildə artaraq 1800-ü keçmişdi. Ancaq ötən il istehsal yarıdan da aşağı düşüb. Zavoddan bunun səbəbi açıqlanmır. Yalnız bunu deyirlər ki, yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilədək yüksəldə bilər.
Gəncə Avtomobil Zavodunda isə ötən il minə yaxın traktor, 395 yük avtomobili istehsal olunub. Əvvəlki illərlə müqayisədə traktor və yük avtomobili istehsalı azalıb. Məsələn, 2014-cü ildə 1220 traktor buraxılıb. Yük avtomobili istehsalında ən yüksək göstərici 2010-cu ilə aiddir. Məlumata əsasən, il ərzində Gəncə avtomobil zavodunda Çexiyanın “Tatra” yük maşınları hazırlanacaq.