“Bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtib edilməlidir”
“İşğaldan azad edilən torpaqların bərpası üçün ayrılacaq 2,2 mlrd. manatın çox, yaxud az olması müzakirə edilir. Əslində isə pulun miqdarı yox, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı “vizyon”u müzakirəyə açılmalıdır”.
İqtisadçı Natiq Cəfərli belə deyir.
O bildirir ki, ayrılması nəzərdə tutulan vəsait əsasən, minalardan təmizləmə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhəddinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək.
İqtisadçı bildirir ki, gələn il üçün şəhər və qəsəbələrin bərpası nəzərdə tutulmur. Tək Şuşada bəzi bərpa işlərinin olması gözlənilir: “Ümid edirəm ki, 2021-ci ildə hökumət cəmiyyətə bərpa “vizyon”unu açıqlayacaq. Bu haqda ciddi elmi müzakirələr olacaq. Hələ ki doğru olmayan yanaşma görünür. Məsələn, filan şəhərdə binalar belə olacaq, göydələnlər tikiləcək və s. kimi yanaşmalar kökündən yanlışdır”.
Natiq Cəfərli düşünür ki, ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtib edilməlidir. Yəni hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamların olması da vacibdir:
“Bərpa planının ən son aşaması arxitekturadır. Əvvəl bilməliyik ki, biz nə istəyirik və hər şəhərin iqtisadi və sosial rolu nədən ibarət olacaq. Ancaq bundan sonra arxitektura planlamasına keçmək olar. Məncə, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur, işğaldan azad edilən hər bir rayon mərkəzindən başqa, rayonun ərazisində 5-10 arası iri qəsəbələrin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbi-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriteriyalarına görə seçilməlidir”.
İqtisadçı deyir ki, prosesdə iqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir.
Məsələn, əgər Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xammalı Füzulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir.
Ən azı 2 şəhərdə tanınmış xarici Universiterlərin filialları açılmalı, kampusu olan elmi-tədris mərkəzi yaradılmalıdır:
“Hər bir bərpa olunan şəhərin öz missiyası olmalıdır. 2 şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, məsələn, Cəbrayıl yerli "Las-Vegas", Qubadlı və Kəlbəcək eko-turizm və sağlamlıq mərkəzi ola bilər. Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır. Ekoloji şəhər nəqliyyatı, bərpa olunan enerji mənbələri, velosiped yolları, smart şəhər yanaşması və s. kimi”.
Şəhərlərdə iqtisadi fürsətlər üçün şəraitin vacibliyindən danışan iqtisadçı əlavə edir ki, bu olmasa, əhalinin köçməsinin bir mənası və əsası da olmaz.
Eyni zamanda fərdi evlərin tikintisinə 0 faizli kreditlər olmalı, hər bir fərdi ev avtonom bərpa olunan enerji mənbəyinə malik olmalıdır:
“Damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qalan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir.
İsvestorlar üçün 7 illik 0 faiz vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir”.
2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərə qayıdışın təmin edilməsi üçün vəsait
ayrılıb
.
Vəsait 2,2 milyard manat həcmində nəzərdə tutulub.
Həmin vəsaitin şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədlərlə xərclənəcəyi açıqlanıb.
Həmçinin büdcədə döyüş bölgəsindən kənarda yerləşən və Ermənistan Silahlı Qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması da nəzərdə tutulub.