REAL hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadlı məlumat verib. O bildirib ki, istintaq orqanı tərəfindən bu gün başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib: “Bu, o deməkdir ki, Natiq bəy Bakı şəhərini tərk edə bilməz, ittiham olduğu kimi qalır və istintaq davam edir”.
Vəkil bildirib ki, bundan öncə Natiq Cəfərlinin həbsdən azad olunmasını istəydilər. Bu dəfə cinayət işinə xitam verilməsini tələb edəcəklər:
“Biz onun həbsini qanunsuz hesab edirdik. Hətta girov müqabilində həbsdən azad edilməsini istəyirdik. Hal-hazırda həbs qətimkan tədbiri ləğv edilib. Bu dəfə də başqa yerə getməmək haqqında qərar verilib. Bu da öz növbəsində ən yüngül qərar sayılır. Növbəti addım kimi biz cinayət işinə xitam verilməsini istəyəcəyik. Bu zaman şəhəri tərk etməməklə bağlı qərar da özü-özlüyündə aradan qalxacaq”.
Natiq Cəfərli ötən gün azadlığa buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib.
N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.