”Turizmin inkişafına ciddi təsir göstərmir”
Bakıda növbəti şopinq festivalı 1-31 may tarixinə təyin edilib.
Bu barədə təşkilatçıların yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu dəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsullar satan mağazalar bu günlərində xüsusi kampaniyalar həyata keçirəcək.
Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı əlavə dəyər vergisinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür.
Bütün bunlarla yanaşı, festival zamanı hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.
İqtisadçı Natiq Cəfərli deyir ki, rəsmilər bunu turizmin inkişafı, ölkəyə turistlərin daha çox cəlb edilməsi ilə əsaslandırırlar. Ancaq bu, turizmə hər hansı ciddi təsir göstərmir:
“Üstəlik, onu da deyirlər ki, bu addım yerli istehsala da müsbət təsir edəcək. Bu da inandırıcı deyil. Çünki ölkədə adicə corab belə istehsal olunmur. Şoping Festivalda iştirak edən dükanlara baxın. Əksəriyyəti, bəlkə də tamamı xaricdən gətirilmiş, əsasən də Türkiyədən gələn məhsulların satışı ilə məşğuldur. Bu da xarici istehsalçıların daha çox pul qazanmasına səbəb olur. Nəticədə bunun yerli istehsalın inkişafına dəxli yoxdur”.
İqtisadçı bildirir ki, Türkiyədə ildə 4 dəfə Şoping Festival keçirilir. Amma orada satılan məhsulların 79 faizi yerli istehsaldır. Ayaqqabıların 87-88, aksessuarların isə hardasa 90 faizdən çoxu yerli istehsal olur:
“Bu da yerli istehsalçılar üçün sanki bir fürsətdir. Bununla da həm ölkə, həm də istehsalçılar qazanır. Bizə isə hər şeydə olduğu kimi bu məsələ də tərsinədir. Üstəlik, Azərbaycan yeganə ölkədir ki, Şoping Festivallar zamanı öz vətəndaşlarına “tax free” tətbiq edir. Bu, görünməmiş hadisədir”.
Natiq Cəfərli “tax free”-nin nə olduğunu da izah edir. Deyir, “tax free”-nin geri qaytarılmasının məğzi xarici ölkə vətəndaşlarının ödədiyi əlavə dəyər vergisinin geri ödənməsidir:
“Çünki bu, xarici ölkə vətəndaşları üçün nəzərdə tutulub. Odur ki, xaricilərin verdiyi həmin vergi geri qaytarılır. Azərbaycan “tax free”-ni öz vətəndaşlarına qaytarır. Bu isə dünyada ilkdir. Keçən dəfəki festivallardan statistik məlumatlar açıqlanmışdı. Məlum olmuşdu ki, həmin dövrdə alış-veriş edənlərin 95 faizi yerlilər olub. Bu da belə festivalların gərəksiz olduğunun sübutudur. Lap məşhur Azərbaycan filmində olduğu kimi “Monqol turistləri monqol dublyonkalarını alıb aparırlar”. Şopinq Festivallarda belə bir hava yaranır”.
Bakı Şopinq Festivalının təşkil olunması prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilib. Festivalların təşkili “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
2017-ci ildə Bakıda iki şopinq festivalı keçirilib.