Natiq Cəfərli baş prokurorluğa çağırılıb (YENİLƏNİB)

“Bu, REAL-a təzyiq məqsədi güdən siyasi sifarişdir”

Source:


“Bu, REAL-a təzyiq məqsədi güdən siyasi sifarişdir”

Respblikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Natiq Cəfərlinin hazırda prokurorluqda ifadə verdiyi bildirilir. Bu barədə onun dostları sosial şəbəkələrdə yazırlar.

Natiq Cəfərli artıq ifadə verib. O, bu barədə “Facebook”da yazıb:

“Bu gün saat 11-də məlum saytda çıxan absurd iddialarla bağlı istintaqa çağrılmışdım. 2,5 saat ifadə verdim, suallara mən güldüm, cavablarıma onlar. Pozitiv və mədəni söhbət oldu. Multfilm kimi araşdırmadır. Hər şey qaydasındadır. Yola davam”.

Yanvarın 28-də REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı da Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5 saat dindirilmişdi.

Azər Qasımlı “Turan”a İran səfirliyinin əməkdaşlarının REAL ofisinə gəlməsi haqqında dindirildiyini söyləmişdi. O görüşün məxfi olmadığını, təşkilatın bu haqda məlumat və foto yaydığını söyləyib:

“Bundan əvvəl REAL ofisinə ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin əməkdaşları da gəlib və bu barədə KİV-də məlumat verilib. Baş Prokurorluğun araşdırmasını “qanunsuz addım və REAL-a və onun lideri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanılan İlqar Məmmədova təzyiq məqsədi güdən siyasi sifarişin icrası” olduğunu düşünürəm”.

Yanvarın 28-də prokurorluq REAL-ın İran diplomatından pul alması haqqında materialların araşdırıldığı bəyan edib.

Ana səhifəXəbərlərNatiq Cəfərli baş prokurorluğa çağırılıb (YENİLƏNİB)