“Hökumət addım atmasa, cığallıq etmiş olacaq”
İyulun 22-də Avropa İttifaqının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında mühüm açıqlamalar verib.
Aİ prezidenti vurğulayıb ki, Azərbaycan Avropa Birliyinin vacib tərəfdaşlarındandır: “Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Birliyin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”. Cənab Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını da söyləyib. “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”.
Donald Tuskun açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, bundan sonra proseslərin hansı istiqamətə getməsi Azərbaycan tərəfdən asılıdır. Çünki Avropa Birliyinin ən yüksək səviyyəli məmurlarından biri öz mövqeyini açıqlayıb, obrazlı desək, “topu” bizim tərəfə atıb: “Azərbaycan hökuməti bu cür razılaşmalarda ikitərəfli xeyri önə çəkirdi, gileylənirdi ki, Bakı anlaşmalarda istədiyini ala bilmir. İndi isə çox cəlbedici təklif qoyulub ortaya. Əgər Azərbaycan vətəndaşlarının Şengen ölkələrinə sərbəst gedib-gəlməsi razılaşsaydı, millətimiz üçün çox sevindirici xəbər olardı”.
“Razılaşma baş tutsa, həm ticari, həm insani əlaqələri genişlənəcək, gənclərə təhsillə bağlı daha çox şans yaradacaq” – Natiq Cəfərli belə hesab edir.
Amma iqtisadçı hesab edir ki, rəsmi Bakı da Avropa Birliyi ölkələri ilə vizaların qaldırılmasını vacib hesab etməlidir: “İndi əsas məsələ hökumətin reaksiyasından asılı olacaq.
Natiq Cəfərli güman edir ki, hökumət məsələni uzadacaq. Çünki Bakı Avropa ölkələri ilə vizaları aradan qaldırmalıdır. Ancaq Azərbaycan tərəfdən məsələı problemli və ağrılı olub. Hətta Türkiyə ilə illərdir müzakirələr aparılsa da, hələ viza qaldırılmayıb. Baxmayaraq ki, Ankara 2007-ci ildən Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş tətbiq edir.