Natiq Cəfərli: ”21 dekabr qərarı üzən məzənnə yox, devalvasiyadır”

“Hökumət qərarıyla gələn il sosial gərginliyin və partlayışın olması üçün çox münbit zəmin yaratdı”

Source:


“Hökumət qərarıyla gələn il sosial gərginliyin və partlayışın olması üçün çox münbit zəmin yaratdı”



Dekabrın 21-də Mərkəzi Bank Azərbaycanın üzən məzənnə rejiminə keçdiyini bəyan etdi. Bəyanatdan sonra dollar və avronun milli valyutaya nisbətdə kəskin artdığı müşahidə olundu. Bütün bunların baş verəcəyini proqnozlaşdıran ekspertlərdən biri də iqtisadçı Natiq Cəfərli idi. Natiq Cəfərli baş verən iqtisadi hadisələrlə bağlı Meydan TV-nin suallarını cavablandırıb



Natiq bəy, siz həmişə Mərkəzi Bankın milli valyuta ilə bağlı üzən məzənnəyə birbaşa keçməyəcəyini, tədricən addımlar atılacağını deyirdiniz. Amma dekabrın 21-də 21 fevralda olduğundan daha ağır vəziyyətlə qarşılaşdıq. Bu baxımdan fikrinizi necə izah edərdiniz?

– Məntiqli olan biz dediklərimiz idi, hökumət 21 fevral qərarından sonra iqtisadiyyatın hansı vəziyyətə düşdüyünü gözüylə görürdü. Bank sektoru çökmək üzrədir, problemli kreditlər 2 dəfə qalxdı, ticarət dövriyyəsi 45 faiz azaldı, daşınmaz əmlak, avtomobil, elektro texnika bazarlarında durğunluq yarandı, insanların gəlirləri və iş yerləri itirildi. Söhbət üzən məzəmnnədən gedirsə, üzən məzənnənin fəlsəfəsi ondan ibarətdir ki, proses addım-addım aparılmalıydı. Dekabrın 21-də keçdikləri məzənnəyə təqribən 5-6 aya keçməlidilər, yəni məntiq bunu deyirdi. Sadəcə, içi mən qarışıq biz Azərbaycan hökuməti haqqında hələ də yüksək fikirdə olmuşuq və yanılmışıq. Hökumətin bu səviyyədə savadsız olduğunu, özlərinə və iqtisadiyyata ziyan vuracağını düşünməmişik. Mən etiraf edirəm. Bəli, məzənnənin 1,50 olması ehtimalı yüksək idi, amma hər ay artımla buna gedilməliydi və üzən məzənnənin mahiyyəti də bunu deyirdi. Görünən odur ki, “üzən məzənnə” termini adı altında  sovet təfəkkürüylə inzibati qaydada devalvasiyaya getdilər. Hesab edirəm ki, 21 dekabr qərarı üzən məzənnə yox, devalvasiyadır. Üzən məzənnə üçün Azərbaycanda heç bir şərait yoxdur. Üzən məzənnənin mahiyyəti ondan ibarətdir ki, ölkədə qiymətli kağızlar bazarı olmalıdır, valyuta birjası fəaliyyət göstərməlidir, nəhayət, çoxlu sayda valyuta gətirə biləcək şirkətlər fəaliyyət göstərməlidir ki, bunlar valyutanı manata çevirib öz işçilərinin əməkhaqqını verə bilsinlər. Azərbaycanda sadaladıqlarımın heç biri yoxdur.



O zaman manatın taleyi necə olacaq?

– Hökumət baxışından indiki məzənnənin belə yüksək götürülməsinin sadə məntiqi ola bilər: hakimiyyət gələcəkdə, yəni yaxın 5-6 ayda belə addım atmaq istəmədiklərini deyib məzənnəni indiki səviyyəyə çatdırdılar və gözlənti mövqeyinə keçəcəklər. Yaz aylarına qədər neftin qiymətində dəyişiklik olmasa, “qara qızıl” 30-40 dollar civarında qalsa, hökumət növbəti addım atacaq. Əgər manatın durumu sərbəst bazar qaydalarına uyğun olsa, manatın ucuzlaşmasını təxmin etmək belə mümkün deyil. Bu, 3, yaxud 5 manat da ola bilər. İndiki primitiv iqtisadi modeldə Azərbaycan manatının taleyi çox acınacaqlıdır. Ona görə hökumət yenə inzibati üsulla bunu tənzimləməyə çalışacaq. Mərkəzi Bankın valyuta ehtiyatlarını qorumaq adı altında bu addımı atsalar da, amma ölkənin başqa problemləri də var. Ticarət balansı var ki, ölkəyə xaricdən külli miqdarda mal gətirilir, çünki istehsalat olmadığından dollar çıxışının olması təbiidir. Yəni ticarət obyektlərində qıtlıq yaranmaması üçün məcbur olub dollarla xaricdən mal gətirəcəklər. Bir daha deyirəm, istehsal sıfır olanda, başqa variant qalmır. Hətta yerli məhsullar adı altında satılan malların xammalı xaricdən gətirilir, məsələn, çay yerli brendlər adı altında mağazalarda satılsa da, 90 faizə yaxını xaricdən gətirilir.



Siz çıxışınızda 5-6 aydan sonra nələrin baş verəcəyinə diqqət yönəltdiniz. Sualımı konkretləşdirim, yaz-yay aralığında əmlak, avtomobil bazarında hansı vəziyyət yaranacaq?

– Artıq bugündən ərzaq, geyim mallarının və elektro texnikanın qiymətləri artacaq, ardınca inflyasiyanın həcmi ikirəqəmli olacaq. İndiki parametrlərlə baxanda ən azı 30 faizlik qiymət artımı olmalıdır. Sadəcə, dollarla qiymətlərin kəskin enməsi olacaq, söhbət əmlak və maşın bazarından gedir.



Məsələn, nə qədər?

– Alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü nəzərə alaraq 2016-cı ildə dollarla daşınmaz əmlak ən azı yarı-yarıya enəcək. Qiyməti tənzimləyən iki amil var: Tələb və təklif. Hazırda təklif, ev satanlar çoxdur. amma alıcılıq qabiliyyəti yoxdur. Alıcılıq qabiliyyəti olmadıqca, qiymətlərin aşağı düşməsi labüddür. 21 dekabr qərarıyla Azərbaycan ötən əsrin 90-cı illərinə qayıdır, amma həmin illərdə büdcəmizin heç 1 milyard olmadığını nəzərə alın. İndi isə icmal büdcəmiz 16-17 milyarddır. Əhali həmin illərdə pis yaşamağa öyrəşmişdi, son illərdə isə böyük neft pulları sayəsində kreditlə də olsa insanlar özlərinə güzəran qurmuşdular, maşın, ev alan vardı, heç olmasa, ildə bir dəfə Gürcüstana, Türkiyəyə istirahətə gedənlər olurdu. Bundan sonra ksıblaşma və kütləvi şəkildə sosial gərginliyin başlamasını görəcəyik.



Siz hökumətin özünə də ziyan etdiyini söylədiniz, bu ziyan nədən ibarətdir?

– Hökumətə ziyan odur ki, sosial gərginlik kəskin şəkildə artacaq. Və etirazlar artdıqca, hökumət bunu xarici qara qüvvələrin işi kimi təqdim edə bilməyəcək və bu iddiada bulunsa belə, əhali də inanmayacaq. Çünki soisial problemlər var, gəlirlər aşağı düşür, bunun fonunda insanlar kasıblaşır. Əslində, hökumət 21 dekabr qərarıyla gələn il sosial gərginliyin və partlayışın olması üçün çox münbit zəmin yaratdı. Halbuki, devalvasiyadan öncə mühim addımlar atılmalıydi, yəni islahatlar olur, sonra devalvasiya elan edilir ki, effekti olsun. Heç bir islahat aparılmadan belə devalvasiya etmək Azərbaycan iqtisadiyyatını çökdürməkdir.



Əgər qiymətlər qalxacaqsa, əməkhaqlar necə olacaq, artacaqmı?

– Manatla maaşların müəyyən artımı ola bilər. Əsasən də dövlət qulluğunda çalışanların, polislərin əməkhaqqı artacaq. Çünki Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanlarını özünün əsas dayağı hesab edir. Amma qiymətlər o səviyyədə artacaq ki, 3-5 faizlik maaş artımını inflyasiya yeyəcək.



Bəs krediti olanları hansı aqibət gözləyir?

– Dollarla krediti olanlar onsuz da ağır durumdaydı, birinci devalvasiyadan sonra mümkünsüz kreditlərin həcmi artırdı. Bugünkü qərardan sonra dollarla krediti olanlar borclarını qaytarmayacaqlar, söhbət onminlərlə vətəndaşdan gedir. Düşünmürəm ki, hökumət bu qədər insanı borca görə həbs etsin. Nəticədə bankların durumu ağır olacaq, pullar geri qayıtmadıqca, gələn ilin ilk aylarında bir neçə bankın bağlanmasının şahidi olacağıq. Manatla borcu olanların da problemi qaçılmazdır, çünki gəlirlər azalır, faizlər isə çox yüksəkdir. Belə vətəndaşlar da gəlirləri azaldığından, iş yerlərini itirdiklərindən kreditlərini qaytara bilməyəcəklər. Azərbaycanda 2 milyon 300  mindən çox insanın kredit borcu var. Təsəvvür edin ki, bu insanların gəlirləri azalırsa, iş yerləri bağlanırsa, kreditlərini necə qaytacaqlar?



Deməli, işsizlər ordusu yaranacaq?

– Mütləq. 2016-cı ildə ən böyük problem işsizlik, qiymət artımı və sosial gərginliklə bağlı olacaq.



Hökumətə inanmaqda yanlışlıq etdiyinizi bildirdiniz. Belə olanda hökumətdən daha nələr gözləyirsiniz?

– Artıq heç nə gözləmirəm. Baxın, son aylarda ciddi təkliflərlə çıxış edib hökumətə yol xəritəsini göstərmişik. Amma hakimiyyətin dəyişiklik etmək niyyəti görünmür. Azərbaycanda siyasi-iqtisadi sistem o qədər eybəcər hala gəlib ki, müəyyən islahatların sistemin çöküşünə səbəb olacağını hesab edirlər. Bu mənada köklü islahat gözləmirəm. Çünki vəziyyəti o dərəcəyə çatdırıblar ki, köklü islahat sistem dəyişikliyinə gətirib çıxarda bilər. Bizim istəyimiz odur ki, hökumət islahatlara getsin, əks təqdirdə ciddi problemlərl’ üzləşəcəyik. Artıq iqtisadi islahatlarla da məsələ bitmir, paralel olaraq siyasi islahatlar getməlidir. Siyasi məhbuslar azad olunmalı, azad məhkəmələr qurulmalı, yerli özünüidarənin səlahiyyəti artmalı, azad seçkilər keçirilməli və hökuməti parlament formalaşdırmalıdır. Sadaladığım siyasi komponentlər olmasa, iqtisadi islahatlar effekt verməyəcək.

Ana səhifəXəbərlərNatiq Cəfərli: ”21 dekabr qərarı üzən məzənnə yox, devalvasiyadır”