Natiq Cəfərli: 2016-cl il ağır olacaq… Top indi hakimiyyətdədir

Büdcə kəsintiləri 150-160 min insanı işsiz qoyacaq, bank sektorunda olan təlatümlər o sahədə çalışan işçilərin də yarısını işsiz qoyacaq, ticarətin zəifləməsi, iqtisadi aktivliyin azalması onminlərlə insanın iş yerinin itirilməsi ilə nəticələnəcək

Source:


Büdcə kəsintiləri 150-160 min insanı işsiz qoyacaq, bank sektorunda olan təlatümlər o sahədə çalışan işçilərin də yarısını işsiz qoyacaq, ticarətin zəifləməsi, iqtisadi aktivliyin azalması onminlərlə insanın iş yerinin itirilməsi ilə nəticələnəcək



ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Facebook səhifəsində 2016-cı ildə Azərbaycanı, bölgəmizi və dünyanı gözləyən siyasi-iqtisadi hadisələrlə bağlı fikirlərini paylaşıb.



Meydan TV kiçik ixtisarlarla Natiq Cəfərlinin fikirlərini təqdim edir


ABŞ:

Dünyanın ən böyük iqtisadiyyatı gələn il öz ənənəvi roluna – dünya iqtisadiyyatının lokomotivi roluna geri dönəcək. Son illər doğru iqtisadi siyasət nəticəsində 2008-ci ilin böhranından ən tez çıxan ölkə ABŞ oldu, gələn il də ÜDM-ləri 3 faiz civarında böyüyəcək, bu isə çox yaxşı nəticədir. Gələn il ABŞ-da əsas gündəm iqtisadiyyat olmayacaq, seçkilər olacaq, respublikaçıların Ağ Evə dönmə şansı daha çoxdur. Amma, təbii ki, iqtisadi məsələlərə də yön verən ABŞ olacaq, FED gələn il azı 1, daha böyük ehtimal 2 dəfə uçot dərəcəsini qaldıracaq, faizlərin indiki 0,25-0,50 faizdən, ilin sonuna 0,75-1 faiz olma ehtimalı çoxdur. Bu da dünyada dolları möhkəmləndirəcək.


Avropa:

Avropanın struktur problemləri hələ də qalıb, iqtisadiyyatları daha yavaş böyüyəcək, amma ucuz neft qiymətləri böyümənin sürətini artıracaq. Gələn il yenidən Yunanıstan problemi çox danışılacaq, çünki yeni yardım paketlərinə ehtiyac olacaq. Amma gələn il ən böyük problem Avropa üçün siyasi alanda olacaq, aşırı sağ və millətçi qruplar, siyasi təşkilatlar güclənəcək, mərkəzdənqaçma meyilləri artacaq, bir neçə yeni referendumlara da şahid olacağıq. Amma Avropa da iqtisadi böyüyəcək, böyümə 1,-1,5 faiz civarında olcaq.


Çin:

Bu ölkənin struktur problemləri davam edəcək, Çin seçim etməlidir, artıq ucuz işçi qüvvəsi və aşağı keyfiyyətli ixrac modeli işləmir, daxili tələbat hesabına böyümə sürətini saxlamaq üçün isə mütləq ciddi idarəetmə və siyasi islahatlara ehtiyac var. Gələn il Çində ilk dəfə çoxpartiyalı idarəetmə modelinə keçid ciddi müzakirə olunacaq, müxtəlif islahatlar həyata keçiriləcək. Yuan daha da dəyərdən düşəcək, Çin bunu bilərəkdən edəcək ki, ixracatda üstünlüyünü qorusun. Amma Çin bankları və daşınmaz əmlak bazarı ciddi problemlərlə qarşılaşacaq, gələn il Çinin böyümə sürəti 5,5 faizə qədər enəcək ki, bu da çox digər ölkələr üçün əla olsa da, Çin üçün çox aşağı göstəricidir. Çinin yavaşlaması əmtəə bazarında qiymətləri daha da aşağı çəkəcək.


Rusiya:

Bu ölkənin problemləri artan xətlə gedəcək, gələn il 100 rubl = 1 avro, 80 rubl = 1 dollar sərhədlərini görəcəyik, hətta rublun dəyərdən düşməsi daha da artıq olacaq. Ölkənin daxilində problemlər artacaq, 2016-nın 2-ci yarısından sonra Rusiya yumşalmağa başlayacaq, əvvəl Avropa, sonra da ABŞ-la münasibətləri tam qaydaya qoymağa can atacaq. Bunun üçün müxtəlif qurbanlar verəcək, o cümlədən Bəşər Əsəd də qurbanlardan biri olacaq.


İran:

Yaxın illərin parlayan ulduzu İran dövləti olacaq, çox sürətlə iqtisadi islahatlar, infrastuktur dəyişiklikləri baş verəcək. İran realı bir qədər ucuzlaşacaq, amma iqtisadi aktivliyin artması bunu ağrısız keçməyə imkan verəcək. Məsələn, mənim sərbəst pulum olsa, mütləq İrana investisiya qoyaram və bunun bəhrəsini yaxın illərdə bir neçə qat görə bilərəm. Ümumiyyətlə, yaxın illərdə bizim vətəndaşlar Rusiya əvəzinə İrana işləməyə gedəcəklər, İran bu anlamda Rusiyanı əvəz edəcək. Bu ölkənin inkişaf perespektivləri çox böyükdür.


Türkiyə:

Qardaş ölkədə problemlər artacaq, 2016-cı il boş siyasi diskussiyalarda, prezident üsul-idarəsinin və Ana Yasa dəyişikliklərinin yuxarıdan zorla dayatılması və kürd sorunu kölgəsində keçəcək. Ətraf ölkələrlə olan problemləri iqtisadiyyata da zərbə vuracaq, lirə daha da dəyərdən düşəcək. İqtisadi artım tempi zəifləyəcək, işsizlik artacaq. Çox güman, 2016-nın sonu, ya da 2017-nin əvvəlində Türkiyədə növbədənkənar seçkilər olacaq.


Əmtəə bazarı

(neft, qaz, qızıl)

:

2016 neft bazarı üçün ən ağır il olacaq, fövqaladə hadisələr. İri müharibələr olmasa, neftin qiyməti əvvəl 30-dan aşağı düşəcək, sonra 25 dolları da görəcək. Səbəbləri: 1) ABŞ-ın ixracata qoyduğu qadağanın götürülməsi, 2) İranın aqressiv şəkildə bazara girməsi, 3) Liviyanın bazara qayıtması: İndi cəmi günə 300 min barel neft çıxarır. Yaxın aylarda bu 1,2 mln barelə qədər qalxacaq, 4) Yeni texnologiyaların daha geniş tədbiqi, 5) Çinin zəifləməsi, 6) ABŞ-da FED-in faiz artırması. Amma neft bazarı ilin 2-ci yarısı toparlanacaq, qiymət 40 dollar civarında qərarlaşacaq. Bunun da səbəbi dünyada neftin ucuz olmasına görə təlabatın bir az artması olacaq.

Paralel olaraq qazın da qiyməti enəcək, gələn il qaz kontraktlarının ortalama qiyməti hər 1000 m3 ümün 200 dollar civarında olacaq, cəmi 3 il öncə ortala qiymət 400 dollardan da yuxarı idi.

Dünyada qızılın da qiyməti ucuzlaşacaq, daha dollar qızılın qiymətini salacaq, gələn il 1 unsiya üçün qiymət 1000 dollardan da aşağı düşəcək.


Valyuta bazarı:

Qısa desəm, dollar yenidən ulduz olacaq, yaxın 6 ayda FED  faizi artırsa, 1 dollar 1 avroya bərabər olacaq. İxracatı güclü olan ölkələr, məsələn, Çin, Yaponiya kimi ölkələr də öz valyutalarını zəiflətməyə çalışacaqlar.


Azərbaycan:

2016-cı il həm iqtisadi, həm siyasi anlamda ölkəmiz üçün ən ağır il olacaq. Büdcə kəsintiləri 150-160 min insanı işsiz qoyacaq, bank sektorunda olan təlatümlər o sahədə çalışan işçilərin də yarısını işsiz qoyacaq, ticarətin zəifləməsi, iqtisadi aktivliyin azalması onminlərlə insanın iş yerinin itirilməsi ilə nəticələnəcək. Əsas da, ilin 1-ci yarısı çox ağır keçəcək, işsizlik və yoxsulluq artacaq. Neft 30 dollara enib, 2-3 ay bu səviyyədə qalsa, manatın rəsmi məzənnəsi 2 manat = 1 dolları keçəcək, təqribən 2,30-250 arasına yaxınlaşacaq. İşsizlik və yoxsulluq xirda oğurluqları, cinayətləri, soyğunçuluğu artıracaq. Küçə ticarəti, evlərdə “alverçı” adətinə uyğun satışlar artacaq, çünki heç kim belə baha icarə haqqı ödəmək istəməyəcək. İşsizlik və yoxsulluq sosial gərginliyi artıracaq, əsasən də regionlarda etirazlar çoxalacaq.

Ölkədə illərdir yığılb-qalan problemlərin həlli artıq istisadi islahatlarla mümkün deyil, zatən ölkədə iqtisadiyyat yoxdur. Sürətli və keyfiyyətli idarəetmə islahatları, sistem dəyişiklikləri, siyasi açılım lazımdır. Bunsuz mümkün deyil, heç nə dəyişməyəcək, mütləq yeni parlament seçkiləri keçirilməli, bütün sistem dizaynı küçələrdə deyil də, parlament çatısı altında olmalıdır. Koalision hökumət formalaşdırılmalı, siyasi açlımlar həyata keçirilməli, sürətli iqtisadi islahatlar üçün məhkəmə sistemi, polis, icra strukturları yenidən qurulmalıdır. Bütün bunlar olsa, ölkəmiz bu ağır dövrü daha rahat və xaossuz atladacaq, bunu məsuliyyəti də hakim komandanın üzərindədir. Zaman iş görmək, ölkəmizi bu quyudan çıxarma zamanıdır, bu işi bacaran hər kəs əlini daşın altına qoymalıdır, bunun üçün isə. ilk növbədə, hökumət vəziyyətin ciddiliyini anlamalı, yalan və pafoslu çıxışlardan əl çəkməlidirlər. Top indi hakimiyyətdədir, görək…

Ana səhifəXəbərlərNatiq Cəfərli: 2016-cl il ağır olacaq… Top indi hakimiyyətdədir