Yerli məhkəmələr jurnalistin vəsatətlərini təmin etməyiblər
Meydan TV-nin əməkdaşı Natiq Cavadlının barəsindəki həbs qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.
Səbəb odur ki, bu qərardan verilmiş şikayətləri yerli məhkəmələr təmin etməyib.
Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil üstəlik, Natiq Cavadlının istintaq müddətində ev dustaqlığına buraxılması üçün də məhkəməyə ayrıca vəsatət vermişdi. Lakin Xətai Rayon Məhkəməsi bu vəsatəti təmin etməmişdi.
Müdafiəçinin Xətai Rayon Məhkəməsinin sözügedən qərarından verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Natiq Cavadlı ətraflı çıxış edib.
O bildirib ki, qaçaqmalçılıq ittihamı tamamilə əsassızdır.
30 ildir ki, peşəkar jurnalist kimi fəaliyyət göstərdiyini deyən Natiq Cavadlı məhkəmədə çıxış edib.
O, hakimin nəzərinə çatdırıb ki, heç vaxt bu peşənin prinsiplərinə xəyanət etməyib:
“Ümumiyyətlə, Asif Atanın bu kəlamı mənim üçün həyat prinsipi olub:
“Kasıblıqdan utanma, halallıqdan usanma!” Mən evimə haram çörək aparmamışam”.
Natiq Cavadlı dekabrın 6-da tutulduğu gün evində axtarış aparılarkən baş verənlər barədə də məhkəmədə danışıb.
Onun sözlərinə görə, axtarış aparan polislər evdə pul olmadığını görüblər:
“Elə biliblər ki, bəlkə pullara qızıl almışıq, başladılar qızıl axtarmağa. Yoldaşımdan qızılları istəyəndə yoldaşım çaşıb qaldı ki, nə qızıl? Dedi ki, bir üzüyüm var, onu gətirim. Bunlara təəccüblü gəldi ki, heç düz-əməlli geyimimiz də yoxdur. Bunlara izah elədik ki, bizim qazancımız ancaq yeməyimizə, gündəlik ehtiyaclarımıza çatırdı”.
Natiq Cavadlı xatırladıb ki, o, Meydan TV-nin əməkdaşı kimi, müxtəlif şəxslərdən, o cümlədən deputatlardan, dövlət orqanlarının təmsilçilərindən müsahibələr, açıqlamalar alırdı.
Onun həbsi barədə qərarın bir səhifədən ibarət olduğunu və orada qaçaqmalçılıq ittihamı ilə bağlı heç bir dəlil-sübutun əksini tapmadığını deyən Natiq Cavadlı baş verənlərin absurd olduğunu da qeyd edib.
Vəkil Zibeydə Sadıqova da müvəkkilinin həbsdə saxlanması üçün heç bir əsas olmadığını deyib.
O bildirib ki, Natiq Cavadlının himayəsində yaşlı xəstə anası, üç övladı var, daimi yaşayış yeri məlumdur:
“Hətta istintaq gedirsə belə, bunun üçün Natiq Cavadlını həbsdə saxlamaq vacib deyil”.
Müstəntiq Natiq Cavadlının ev dustaqlığına buraxılmasına etiraz edərək bildirib ki, onun həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər. Çünki istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.
Apelyasiya məhkəməsi də Natiq Cavadlını ev dustaqlığına buraxmaqdan imtina edib.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.
Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Son 1 il 2 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist və bloger olunub.
Onların arasında “Abzas Media”, “Toplum TV”, “Kanal 13” və digər media orqanlarının əməkdaşları var.