Nataniel Brenden – Saxta individualizm

İndividualist “mən bu cür düşünürəm, çünki məntiqli olduğunu görürəm” deyən adamdır

Source:
Nathaniel Branden
Nathaniel Branden
Nathaniel Branden
Nathaniel Branden


İndividualist “mən bu cür düşünürəm, çünki məntiqli olduğunu görürəm” deyən adamdır

İndividualizm nəzəriyyəsi Obyektivizm fəlsəfəsinin əsas tərkib hissəsidir. İndividualizm əxlaqi-siyasi konsept olmaqla yanaşı, həm də əxlaqi-psixoloji konseptdir. Əxlaqi-siyasi konsept olaraq individualizm fərdi hüquqların aliliyini rəhbər tutur və irəli sürür ki, insanın ümdə məqsədi özüdür, o, başqalarının məqsədinə çatması üçün bir vasitə deyil. Əxlaqi-psixoloji konsept olaraq isə individualizm nəzərdə tutur ki, insan müstəqil şəkildə düşünməli və mühakimə etməlidir. Onun üçün ağlının hürriyyətindən daha yüksək dəyər olmamalıdır.

Ayn Randın “Atlas Shrugged” kitabında bildirdiyi kimi, individualizmin fəlsəfi əsası odur ki, əxlaqi, siyasi və psixoloji cəhətdən individualizm insanın doğru yaşaması, bir insan və rasional bir varlıq olaraq yaşaması üçün obyektiv bir zərurətdir. İnsanın həyatını onun dəyər standarti olaraq görən əxlaq kodeksi bunu tələb edir.

İndividualizmin bu cür dəstəklənməsi heç də yeni bir şey deyil. Yeni olan Obyektivizm tərəfindən individualizm nəzəriyyəsinin qəbul olunması və onu həyatda tətbiq etmək üçün əsaslı metodun müəyyən edilməsidir.

Çox vaxt individualizmin əxlaqi-siyasi cəhəti bir insanın başqalarının hüquqların nəzərə almadan özünün istədiyi hər şeyi edə bilməsi olaraq anlaşılır. Bu cür şərhi əsaslandırmaq üçün çox vaxt Maks Stirner və Nitsşe kimi müəlliflərdən sitatlar gətirirlər. Altruistlər və kollektivistlər insanları inandırmağa çalışırlar ki, individualizmin mənası məhz budur və özünü qurban vermək istəməyənlər başqalarını qurban etmək istəyirlər.

İndividualizmin bu cür tərifindəki ziddiyyət budur: insanın yaşama tələbi əxlaqi bir prinsip olaraq individualizmin rasional əsası olduğundan, bir insan başqalarının hüququnu pozmaq kimi bir hüquqa sahib olduğunu iddia edə bilməz. O, əgər digər insanların hüquqlarının toxunulmazlığını inkar edirsə, özünün toxunulmaz hüquqlara sahib olduğunu iddia edə bilməz. Çünki hüququn əsasını inkar etmiş olur. Heç kim ziddiyyətə əsaslanan bir haqq iddiası edə biməz.

İndividualizm təkcə “insan kollektiv üçün yaşamalıdır” inancını inkar etməkdən ibarət deyil. Öz düşüncəsi və öz zəhməti ilə yaşamağın məsuliyyətindən boyun qaçıran, başqalarını talan, idarə və istismar edərək yaşamağı arzulayan adam individualist deyil. İndividualist özü üçün və öz zəkası ilə yaşayan adamdır, o, nə başqalarına özünü qurban verir, nə də başqalarını özünə qurban edir, insanlarla bir tacir kimi münasibət qurur, talançı kimi yox, istehsalçı kimi münasibət davranır, Atilla kimi yox.

Altruist və kollektivistlərin istədiyi də məhz odur ki, insanlar bu fərqi görə bilməsinlər: Ticarətçi ilə talançı arasındakı və istehsalçı ilə işğalçı arasındakı fərqi.

İndividualizmin mənası əxlaqi-siyasi kontekstdə aşkar müxalifləri tərəfindən təhrif edilmiş və bayağılaşdırılmışdır, lakin əxlaqi-psixoloji kontekstdə isə öz “tərəfdarları”, müstəqil mühakimə ilə subyektiv hisslərin fərqini heçə sayan insanlar tərəfindən təhrifə məruz qalmışdır. Bəzi “individiualistlər” individualizmi “azad düşüncə”-yə yox, “azad hisslər”-ə tay tuturlar. “Müstəqil hisslər” deyilən şey yoxdur, “müstəqil zəka” var.

Bir individualist, ilk növbədə və ən əsası, rasional insandır. Həmin insanın həyatı onun öz düşünmə qabiliyyətindən, əqli bacarığından asılıdır, rasionallıq azadlığının və özünə arxalanmasının ilkin şərtidir. Özünə güvənməyən və azad olmayan “individualist” ziddiyyət içindədir, individualizm və azadlıq məntiqi cəhətdən bir-birindən ayrıla bilməz. Bir individualistin azadlığının əsasını onun öz zəkasına olan bağlılığı təşkil edir: real faktları dərk etmə bacarığı, qavrayışı, mühakimə qabiliyyəti var, ona görə də başqalarının isbat edilməmiş iddiaları uğrunda qurban getməyi rədd edir. Əqli hürriyyətin mənası və individualizmin əsası budur. O, soyuqqanlı və qətiyyətli bir şəkildə faktmərkəzlidir.

Yaşamaq üçün insanın bilgiyə ehtiyacı var və bunu ancaq ağılla əldə etmək mümkündür, düşünməyin və ağlın məsuliyyətini rədd edən adamlar parazit kimi ancaq başqalarının düşüncəsi ilə yaşayaraq mövcud ola bilərlər və parazitlər individualist ola bilməzlər. İrrasional, obyektivliyi və bilgini məhdudiyyət olaraq görüb öz ehtiraslarının düşkünü olan, öz hisslərinə əsaslanıb yaşayan və ancaq indini düşünən bir hedonist individualist ola bilməz. İrrasional insanın arzuladığı “azadlıq” reallıqdan azad olmaqdır, Dostoyevskinin “Yeraltından qeydlər” əsərindəki adam kimi: “Əgər mən hər hansı bir səbəbə görə təbiət qanunlarına və 2 dəfə 2-nin 4-ə bərabər olması gerçəkliyinə nifrət edirəmsə, nəyimə lazımdır o qanunlar?”

İrrasionalistlər hesab edir ki, varlıq sadəcə onun öz hissləri və ehtirasları ilə başqalarının hiss və ehtirasları arasındakı münaqişədən ibarətdir. Obyektiv reallıq anlayışı onun üçün heç bir məna kəsb etmir.

Bu cür üsyankarlıq və ənənəyə qarşı çıxma hələ individualist olmaq demək deyil. İndividualizm təkcə kollektivizmin inkar edilməsindən ibarət olmadığı kimi, eləcə də təkcə konformizmin inkarından ibarət deyil. Konformist “bu düzdür, çünki başqaları buna inanır” deyən adamdır, lakin individualist “bu düzdür, çünki mən belə olduğuna inanıram” deyən adam deyil. İndividualist “mən bu cür düşünürəm, çünki məntiqli olduğunu görürəm” deyən adamdır.

Ayn Randın “The Fountainhead” kitabında bəhs edilən bir hadisəni bu məsələ ilə əlaqələndirmək üçün xatırlamaq yerinə düşər: Kollektivist Elsvort Tuhinin həyatı və kariyerası haqda olan fəsildə Ayn Rand Tuhinin təşkil etdiyi bir neçə yazıçı və sənətkar qruplarını təsvir edir: “…kitablarında heç vaxt böyük hərflərdən istifadə etməyən bir qadın, heç vaxt vergüldən istifadə etməyən bir kişi var idi… Və başqa bir kişi nə qafiyə, nə də vəzn olan şeirlər yazırdı… Heç vaxt lövhədən istifadə etməyən, əvəzində metronom və quş qəfəsi ilə iş görən bir oğlan var idi. Bir neçə dostu Elsvort Tuhiyə demişdi ki, o, bütün bu uyuşmazlıqların günahkarıdır, ona individualizmə qətiyyətli qarşı olmasını irad tutmuşdular, ona görə də o bütün bu yazıçıları və sənətkarları toplamışdı, hər biri individualizmin ona görə də o bütün bu yazıçıları və sənətkarları toplamışdı, hər biri individualizmin qızğın müdafiəçisi idi. “Doğrudan da ,elə düşünürsünüz?” – Tuhi nəzakətlə gülümsəyərək dedi”.

Tuhi yaxşı bilirdi və Obyektivizm tərəfdarları gözəl başa düşürlər ki, bu cür subyektivistlər “reallığın tiranlığı”-na qarşı bu cür üsyanlarında nifrət etdikləri ən adi Babbitdən belə daha az azad və ondan daha mənfur parazitlərdir. Onlar heç nə yaratmırlar, onlar bütünlüklə şəxsiyyətdən məhrumdurlar və onlar sahib olmadıqları eqonun boşluğunu doldurmaq üçün “özünü qiymətləndirmək” üçün bildikləri yeganə yolla çapalayırlar: müqavimət xatirinə müqavimət, irrasionallıq xatirinə irrasionallıq, dağıtmaq xatirinə dağıtmaq, sırf həvəs xatirinə həvəs.

Bir psixi xəstəni konformizdə günahlandırmaq düzgün olmazdı, amma nə bir psixi xəstə, nə də bir subyektivist individualizm tərəfdarı sayıla bilməz.

Fikir verirsinizsə, individualizmin mənasını əxlaqi-psixoloji və əxlaqi-siyasi baxımdan təhrif etmə cəhdlərinin bir əsas ortaq cəhəti var: İndividualizmi rasionallıqdan ayırmağa çalışmaq. Lakin ancaq ağıl və rasional bir varlıq kimi insanın ehtiyacları kontekstində individualizmi açıqlamaq olar. Bu kontekstdən çıxarılanda, individualizmin istənilən müdafiəsi kollektivizmin müdafiəsi kimi irrasional və subyektiv olacaqdır.

Bu, individualizmi subyektivizmlə eyniləşdirən istənilən “individualist”-lərə qarşı obyektivizmin etirazının və “Bu düzdür, çünki mən belə hiss edirəm”, “Bu yaxşıdır, çünki mən belə istəyirəm”, “Bu düzdür, çünki mən buna inanıram” deyən saxta individualizmlə obyektivizm arasında hər hansı bir uzlaşmanın və ya kompromisin mümkün olduğuna özünü inandırmış istənilən “obyektivistlər”-dən imtinasının əsasını təşkil edir.

Aprel, 1962



Tərcümə etdi: Ümid Əhmədov

Ana səhifəXəbərlərNataniel Brenden – Saxta individualizm