Narkotikləri mahnı vasitəsilə təbliğ etməkdə ittiham edilən şəxs saxlanılıb

DİN: “Dindirmə zamanı o, hərəkətinə görə peşman olduğunu deyib”

Source: Meydan TV


DİN: “Dindirmə zamanı o, hərəkətinə görə peşman olduğunu deyib”

Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsünün yayılması ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub. “Report”un xəbərinə görə, bu barədə DİN-in məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

“Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamorkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.

Xəbərdə bildirilir ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Məsələ ilə bağlı bir gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa “Facebook” sosial şəbəkəsindəki profilində daxili işlər naziri Ramil Usubova müraciətinin mətnini yerləşdirərək, yazıb ki, son günlər sosial şəbəkələrdə “Kazbekə şey basım fırranım” adı ilə vidioçəkiliş formasında paylaşılan “mahnı” yayılmaqdadır.

Deputat qedu edib ki, ifa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edilir, onun yayılması təbliğ olunur.

“Bu üzdəniraq “mahnı” artıq orta və ali məktəblərdə, çox sayda gənclərin arasında məqsədyönlü şəkildə sürətlə yayılmaqdadır. “Mahnı” adı ilə bu biabırçılıq və rüsvayçılığı yazdıranlar, ifa edənlər, videoya çəkilənlər və onu yayanlar kütləvi şəkildə cinayət əməli törətməklə cəmiyyətin, xüsusilə də gənc nəslin təlim-tərbiyəsinə və sağlamlığına sarsıdıcı zərbə vururlar. Bu çəkilişlərə azyaşlı uşaqların və gənc qızların cəlb olunması isə cəmiyyətdə xüsusi narahatçılıq doğurur”.

Deputat nazirə müraciətində ümid etdiyini bildirib ki, narkomaniyaya qarşı mübarizəyə hər zaman yüksək diqqət yetirən bir səlahiyyətli dövlət xadimi kimi tərəfinizdən qanunlara və əxlaqi dəyərlərə açıq şəkildə meydan oxuyan və onu heçə sayaraq bu zərərli təbliğatla məşğul olanların şəxsiyyətlərini araşdırmaq istiqamətində təcili tədbirlər görüləcək və bu zərərli təbliğatı gerçəkləşdirən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin ediləcək.

Ana səhifəXəbərlərNarkotikləri mahnı vasitəsilə təbliğ etməkdə ittiham edilən şəxs saxlanılıb