Narkotik istifadəçisi: İstəyirəm hansısa həkim məni sağaltsın

”Bu çoxdan təsdiq olunmuş tibbi faktdır”.

Source: Specify Source


“Ailə dəstəyi çox önəmlidir”

“Verməzlər aman bizə, çıxaq gedək buralardan,

Var qorxu hər an bizə, çıxaq gedək buralardan…”

Bu, Bakının mərkəzi küçələrindəki keçidlərin birində hər axşam çalınan musiqinin sözləridir.

İki qatlanmış kartonun üstündə büzüşüb yatan Orxana heç kim fikir vermir. O da arabir oyuncağa bənzəyən pianosunda ifa edərək pul yığmağa çalışır. Bəzən keçiddən keçənlər onun üstünə qəpiklər atır. Günün sonunda Orxanın önündə ən çox 3-4 manat olur. O da bu pul ilə bir az kolbasa, bir az da çörək alıb gecəni yola verir.

Səhər isə yaşamaq üçün daha böyük tələbatı hesab etdiyi "kokos"u axtarmağa çalışacaq.

"Kokos" – tərkibində heroin olan kustar üsulla hazırlanan qatışıqdır.

Orxan da artıq 4 ildir ki, "kokos" qurbanlarındandır.

24 yaşlı gənc əslən qarabağlı olsa da, Sumqayıtda doğulub-böyüyüb. O, indi yaşamaq üçün Bakı küçələrini seçib:

“Əsgərlikdən gələndən sonra xalam oğlu mənə bu zəhrimardan istifadə etməyi öyrətdi. Elə tərifləyirdi ki, mən də “bir dəfə ilə heç nə olmaz” dedim. Birlikdə bu yola davam etdik”.

Orxan deyir ki, ilk dəfədən sonra tərgitmək olardı, amma yenidən o hissi yaşamaq istəyib.

“Hamıda belə olur, ancaq ikinci dəfədən sonra narkotiksiz həyatım çətinləşdi, ağrılarım başladı. Barmaqlarımı sıxırdım, bütün sümüklərim, bədənim, iliklərim belə ağrıyırdı. Bu ağrını ancaq "kokos" sakitləşdirə bilərdi. Bir müddətdən sonra "kokos" da mənim üçün yetərli olmadı. Onunla bərabər "şüşə"dən də istifadə etməyə başladım. Pulum yoxdur. Dostlarım görür ki, çox ağrıyıram, yazıqları gəlir, mənə hər gün 1 qram gətirirlər. Özüm almıram, amma bilirəm ki, 1 qramın dörddə bir hissəsinin qiyməti 10 manatdır”, – Orxan narkotik maddələrdən necə asılı olduğu barədə danışıb.


Bəs narkotik aludəçiləri sağala bilərmi?

“Onu kəskin vəziyyətdən çıxartmaq üçün 14-21 gün tələb olunur”

Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, hazırda 33 min 788 şəxs narkotik maddə istifadəçisi kimi qeydiyyatdadır. Onlardan 12 min 969 nəfər 18-34 yaş arasındadır. Ötən il isə bu rəqəm 32 min 921 olub.

Narkoloq Vəfa Əliyeva deyir ki,

kimyəvi asılılıq xroniki gedişata malik xəstəlikdir:

"Burada hansı müstəvidə danışdığımız vacibdir. Tibbdə tam sağalma prosesi haqqında biz adətən kəskin vəziyyətlər zamanı danışırıq. Xroniki xəstəliklərdə isə remissiya alına bilər. Necə ki, məsələn, şəkərli diabeti olan bir insan sağlamlığını bərpa edib qoruya bilsin deyə ömürlük müəyyən tədbirləri görməli, müəyyən həyat tərzi yaşamalıdır, eləcə də narkotik aludəçisinə çevrilmiş insanın müalicə dövründən sonra xüsusi yeni həyat tərzi olması mütləqdir. Bu halda pasiyentimiz xoşbəxt, dolğun həyat yaşaya bilər. Narkoloji dispanserdə müalicə müddəti pasiyentin vəziyyətindən asılı olaraq dəyişir. Adətən onu kəskin vəziyyətdən çıxartmaq üçün 14-21 gün tələb olunur. Əgər pasiyentdə zamanda, məkanda, öz şəxsiyyətində bələdliyin pozulması, hallüsinasiyalar, sayıqlama, polineyropatiya kimi ağır patoloji hallar aşkarlanırsa, müalicə bir neçə ay davam edə bilər. Bundan sonra pasiyent mütləq şəkildə xüsusi reabilitasiya proqramına qoşulmalıdır”.


“Marixuanadan alınan psixoaktiv maddələrin istifadəsi əlbəttə ki, insanda asılılıq yaradır”

“Artıq neçə illərdir ki, bütün dünya üzrə “dizayner” narkotiklər adlanan psixoaktiv maddələr üstünlük təşkil edir. Bizim ölkədə hazırda ən çox “spays”(“bonzay”) və “şüşə” adları ilə tanınan kimyəvi strukturu sintetik marixuana və metamfetaminə yaxın olan maddələrin istifadəsi populyardır”, -deyə həkim bildirib.

img_6328_censored.jpg
Günün sonunda Orxanın önündə ən çox 3-4 manat olur.

Azərbaycanda "nəşə" kimi tanınan marixuananın bir sıra insanlar tərəfindən asılılıq yaratmadığı barədə iddialar səsləndirilir.

Xüsusilə qonşu ölkə Gürcüstanda, Avropanın bəzi ölkələrində bu narkotik növünün istifadəsinə icazə verilməsi insanlarda marixuanadan asılılıq yaradırmı sualını doğurur.

Suala cavab olaraq həkim bildirib ki, bu iddialar tamamilə yanlışdır:

“Marixuanadan alınan psixoaktiv maddələrin istifadəsi əlbəttə, insanda asılılıq yaradır. Bu çoxdan təsdiq olunmuş tibbi faktdır”.

Narkoloq Vəfa Əliyeva sağalmaq istəyənlərə həkimə müraciət etməyi məsləhət görüb:

“Həqiqət ondadır ki, narkotik aludəçiləri adekvat və hərtərəfli kömək aldıqları halda uğurla reabilitasiya və yenidən sosiallaşma mərhələlərindən keçib, normal, dolğun və yüksək yaşam keyfiyyətli bir həyata qayıda bilirlər. Narkotiklərdən uzaqlaşmaq istəyənlərə tövsiyəm odur ki, bunu təkbaşına etməsinlər və etibarlı peşəkarlara üz tutsunlar. Əks təqdirdə düzgün məlumatları olmadığı üçün daha ağır fəsadlara məruz qala bilərlər”.

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva illərdir narkotik aludəçilərinə müalicə üçün dəstək göstərir. O deyir ki, narkotikdən sağalmaq aludəçinin öz əlindədir:

“İranda narkotik aludəçilərini dağın başına aparırlar ki, onlar yenidən narkotik tapa bilməsinlər. Amma hesab edirəm ki, bu, doğru deyil. Ailə dəstəyi çox önəmlidir. Öz övladına həsrət qalan narkotik aludəçisi qadın dağın başında yox, övladı üçün sağalmaq gücünü özündə tapa bilər”.

…Orxanın sağalmasını gözləyən nə atası, nə də anası var. Atası onları Orxan uşaqkən tərk edib. Anası isə xərçəng xəstəliyindən həyatını itirib. Orxan üçün isti ev, anasının bişirdiyi Qarabağ plovu artıq yoxdur. Bəlkə də ona yenidən normal həyata qayıtmağa insanların göstərəcəyi dəstək kömək edə bilər. Çünki o, sağalmaq üçün kömək gözləyir:

“Elə həkim olsun ki, məni sağaltsın, mən özüm narkotikdən uzaq durmaq istəyirəm”.

Ana səhifəSosialNarkotik istifadəçisi: İstəyirəm hansısa həkim məni sağaltsın