Baş Prokurorluq və Ali Məhkəmə dəyişikliyə qarşı çıxdı
“Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən məhbusların 30 faizi narkotik istifadəsinə görə həbs olunub. Spirtli içki içənlər həbs olunmursa, narkotik maddə istifadəçilərini niyə tuturlar?”
Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı keçirilən dinləmələrdə deputat Çingiz Qənizadə belə deyib. O, narkotik maddə istifadəçiləri ilə bağlı alternativ cəzanın seçilməsi ilə bağlı müddəaya toxunaraq bildirib ki, narkotik istifadəçilərinin sağlamlığı istiqamətində işlər görülür. Odur ki, Cinayət Məcəlləsində bu məsələ ilə bağlı daha ciddi addımlar atılmalıdır:
“Düzdür, CM-də narkotik maddədən istifadə etdiyinə görə, cəza nəzərdə tutulan 234.1 bəndi çıxarılsa da, digər bəndlər qüvvədədir. Hesab edirəm ki, ümumiyyətlə CM-dən 234-cü maddə çıxarılmalıdır”.
“Ölkədə ciddi problemlər yaşanır, ailələr dağılır”
Deputat narkotik maddələrdən istifadə edənlərin həbsini düzgün saymır:
“Bilmirəm, bu kimin marağındandır, amma onu deyə bilərəm ki, bu gün həbsxanalardakı məhbusların 30 faizi narkotikdən istifadəyə görə cəza çəkir. Onların da mütləq əksəriyyəti 234.1 maddəsi ilə həbs olunub. Ona görə də, bu maddə ləğv olunmalıdır. Çünki bunun nəticəsində ölkədə ciddi problemlər yaşanır, ailələr dağılır. Bir də spirtli içki içənlər həbs olunmursa, o zaman niyə narkotik maddə çəkənlər həbs olunsun? Bütün bunları nəzərə alaraq bir daha 234-cü maddənin bütövlükdə Məcəllədən çıxarılmasını təklif edirəm”- deyə, millət vəkili vurğulayıb.
“İlk dəfə tutulanlar müalicə olunacaq, ikinci dəfə həbs ediləcək”
Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev isə deyib ki, narkotik maddə gəzdirən şəxsin heç də hamısı nakotikdən asılılığı olanlar deyil:
“Üzərində narkotik maddə gəzdirən və narkoman olmayan şəxslər də var. Əgər bu xəstə deyilsə, niyə narkotik maddə əldə edərək üzərində gəzdirir? Odur ki, bu məsələyə yanaşmada fərqli baxışlar var. Ona görə də 234-cü (qanunsuz narkotik dövriyyəsi) maddənin tamamilə aradan qaldırılması mümkün deyil”.
Vüsal İsayev deyib ki, narkotik istifadəsinə görə məsuliyyətdən azad edilən şəxslər məhkəmənin qərarı ilə stasionar müalicə olunacaqlar.
“Şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, cinayətdən azad ediləcək. Bu, narkotik vasitələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Həmin şəxslər dövlət hesabına müalicə olunacaq. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, onda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Prokurorluq narkomanlığın dekrimanallaşdırılmasına qarşı çıxdı
Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyin əleyhinədir. Bunu dinləmədə çıxış edən Respublika Baş Prokurorluğunun hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov bildirib:
“Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.
Ali Məhkəmənin Ağır Cinayətlər Kollegiyasının sədri Şahin Yusifov da bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıb.
Dəyişiklik məqbul hesab olunmadı
Ali Məhkəmə və Baş Prokurorluq nümayəndələrinin fikirlərinə münasibət bildirən V. İsayev deyib ki, 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb. O qeyd edib ki, burada mövqe birmənalı olub:
“Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.
Cinayət Məcəlləsinə 74-1 maddənin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunurdu. CM-nin 234.1-ci maddəsində cəza sanksiyası ləğv edilir və narkotik istifadəçisi məcburi stasionar müalicəyə göndərilir.