Narkomanlığa görə həbs cəzası ləğv edilir

”Həbsxanadakıların əksəriyyətinin narkotik istifadəçisi olduğu sirr deyil”

Source:


”Həbsxanadakıların əksəriyyətinin narkotik istifadəçisi olduğu sirr deyil”

Narkomaniya xəstəliyindən əziyyət çəkənlər narkotik vasitə əldə etmə və saxlamağa görə məsuliyyətə cəlb edilməyəcək. Hazırda satış məqsədi olmadan, qanunsuz narkotik və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmənin 3 ilədək həbs cəzası var.

Meydan TV-nin məlumatına görə, Cinayət Məcəlləsinə təklif edilən yeni, 74-1 maddəsinə görə, məhkəmə bu əməli törədən, narkomaniya xəstəsini müalicəyə göndərəcək. Həmin şəxs sağalandan və barəsindəki məcburi tibbi tədbirlər ləğv ediləndən sonra cinayət məsuliyyətindən azad ediləcək.

Məcburi tibbi tədbirlərin tətbiqindən yayınmış şəxs müalicə aldığı müəssisə rəhbərliyinin məlumatı ilə bu məcəllənin 75.1 maddəsinə əsasən, göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilmir.

CM-nin 75.1 maddəsi cinayət törədildiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz – deyir:


– böyük ictimai təhlükəsi olmayan cinayətin törədildiyi gündən iki il keçdikdə;


– az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;


– ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;


– xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

Narkomanların cinayət məsuliyyətinə cəlb edilməməsi təklifini Milli Məclisin qış sessiyasında deputat Qüdrət Həsənquliyev vermişdi. O, bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini söyləmişdi:

“Həbsxanada olanların böyük əksəriyyəti narkotik istifadəçiləridir. Onları həbsxanalara doldurmağın xeyri yoxdur. Çünki dövlət bunun üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Yalnız satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yox, istifadə üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Ana səhifəXəbərlərNarkomanlığa görə həbs cəzası ləğv edilir