Vəzifə səlahiyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlayıb
Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermis yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənovun həbs edildiyi bildirilir.
Həmin yanğında çoxsaylı insan tələfatı olmuşdu.
APA
yazır ki
, müdirlə bərabər şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində də həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Xəbərdə bildirilir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Onlar barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
T.Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu maddələr üzrə təqsirli sayılarlarsa, sözügedən şəxslərə 7 ilə kimi həbs cəzası verilə bilər.
Bir müddət öncə Respublika Narkoloji Mərkəzin baş həkimi Telman Məmmədhəsənov tutduğu vəzifədən azad
edilib
. Onun yerinə müavini Aytən Səmədova təsdiqlənib.
Məlumatı Meydan TV-yə Səhiyyə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev aprelin 17-də əmr imzalayıb.
Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə deyir ki, baş həkim yanğından sonra aparılan araşdırmalar nəticəsində işini itirib. Araşdırma nəticəsində xeyli nöqsanlar ortaya çıxıb:
“Xeyli yeyinti faktları ortaya çıxıb. Məlum olub ki, mərkəzin əsas qazanc yeri qeydiyyata düşmək istəməyən şəxslərdir. Onların da əksəriyyəti tanınmışların övladlarıdır. Bu adamlara 12 min dollar dəyərində olan hepatit əleyhinə dərmanlar satırlırmış, özü də lazım oldu-olmadı. Bundan başqa, alkoqoldan əziyyət çəkənləri 800-1200 manat arası qiymətə əməliyyat ediblər. Guya ayaqlarına hansısa maddə qoyulur. Bu, daha çox psixoloji təsir üçün edilir, əslində isə hansısa maye, aparat qoyulmur. Amma xəstənin yaxınını inandırırlar ki, bu əməliyyatla vərdişin qarşısını almaq olur”.
Mənbə onu da deyir ki, yoxlama zamanı məcburi müayinəyə göndərilənlərə saxta sənədlərin verilməsi faktı da ortaya çıxıb.
“Baş həkim əslində xeyli müddətdir uzaqlaşdırılıb. Ancaq seçkilərlə əlaqədar əmr indi verilib” – deyə mənbə vurğulayıb.
Narkoloji Mərkəzin əvvəlki baş həkimi Könül Vəliyeva Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.
2018-ci il martın 2-si səhər saatlarında Xətai rayonunda yerləşən Narkoloji Mərkəzdə yanğın baş verib, 25 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları əvvəlcə bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.
Sonra Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə aldığı bildirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov həmin hadisədə şübhəli şəxs qismində tutulub.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında vurğulanırdı ki, ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.
“Saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib”, – rəsmi açıqlamada vurğulanırdı.
M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
Bu açıqlamaya da M.Məmmədovun vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.