Narkoloji Mərkəzdəki yanğınla bağlı istintaq yekunlaşıb

İş baxılması üçün məhkəməyə göndərilib

Source:


İş baxılması üçün məhkəməyə göndərilib

2018-ci il martın 2-də Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü, daha 29-nun yaralandığı yanğınla bağlı istintaq yekunlaşıb. Cinayət işinin materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Bu iş üzrə dörd nəfər həbs olunsa da, məhkəmə qarşısına onların üçü çıxarılacaq. Çünki təqsirləndirilən şəxslərdən birinin səhhətindəki problemlərlə əlaqədar onun haqqında cinayət işi materiallar məhkəməyə göndərilərkən ayrılıb.

Çoxsaylı insan ölümüylə nəticələnmiş yanğına görə həbs olunanlar isə bunlardır – Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev və hadisə vaxtı orada müalicə olunan Məhəmməd Məmmədov.

M.Məmmədov istisna olmaqla, digər üç nəfər Cinayət Məcəlləsinin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Məmmədova isə Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham verilib. İttihama görə, yanğını o törədib.

Səhhəti ilə əlaqədar haqqındakı cinayət işi ayrıca icraata götürülən isə Azad Əkbərovdur.

Cinayət işi üzrə maddi ziyan da hesablanıb. İş materiallarına əsasən, hadisə nəticəsində Mərkəzə 37 min manat ziyan dəyib.

Ana səhifəXəbərlərNarkoloji Mərkəzdəki yanğınla bağlı istintaq yekunlaşıb