Mərkəzin direktoru danışmaqdan imtina edir: ”Hələlik hazır deyiləm”
Martın 2-də səhər Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə səbəb olmuş yanğının şahidi olanlar məhkəməyə gəlmək istəmirlər.
Oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə bu iş üzrə məhkəmə prosesi davam etdirilib. Hakim bildirib ki, bəzi şahidlər məhkəməyə çağrılsalar da, gəlməyiblər. Buna görə də həmin şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Bu iş üzrə dörd nəfər təqsirləndirilən şəxsdən ikisi – Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndis Mahir Abdullayev hələ də məhkəməyə ifadə verməyib. Hakim onlara ifadə verməyi təklif etsə də, onlar imtina ediblər. Bildiriblər ki, hələlik ifadə verməyə hazır deyillər.
Məhkəmə prosesi oktyabrın 19-na təxirə salınıb.
Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.
A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.