Zərərçəkmiş məhkəmədəki ifadəsini təsdiqləmədi
Respublika Narkoloji Mərkəzini yandırmaqda ittiham olunan 1955-ci il təvəllüdlü Məhəmməd Məmmədovun bacısı Əsli Yəhyayeva qardaşının günahsız həbs olunduğunu düşünür. Ə.Yəhyayeva və onun həyat yoldaşı Səlimxan Yəhyayev, yanğın zamanı Mərkəzdə müalicə olunan Emil Quliyev oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Zərərçəkmiş qismində ifadə verən E.Quliyev bildirib ki, 20 gün idi orada müalicə alırdı. Narkotik tərkibli dərmanlardan asılılığı vardı: “Mən yatmışdım, oyatdılar. Oyananda gördüm ki, hər yer alışıb. Tüstü və alovdan başqa heç nə görməmişəm”.
O, istintaqdakı ifadəsini təsdiqləməyib. Bildirib ki, müstəntiq yazıb, o da oxumadan imzalayıb: “Mən Məhəmmədi normal adam kimi tanımışam”.
Onun istintaqa ifadəsi elan olunub. Orada yazılıb ki, yanğının M.Məmmədovun saxlandığı 14-cü palatadan başladığını görüb. Zərərçəkmiş deyib ki, belə ifadə verməyib: “Hər yer tüstü, alov idi, mən onu necə görə bilərdim?”
Şahid Ə.Yəhyayeva qardaşının yaxşı ata, qayğıkeş insan olduğunu, ancaq ailəsinin, xüsusilə oğlunun onunla yaxşı davranmadığını, illərdir mütəmadi Narkoloji Mərkəzdə saxlatdırdığını bildirib: “Onun ailəsilə bizim 20 ildir gediş-gəlişimiz yoxdur. Qardaşım tərəfdən heç bir qohum onlara gedib-gəlmirdi. Ailəsi bizi istəmirdi. Ancaq qardaşım zəng eləyirdi, arada gəlirdi. Aparıb dispanserə qoyanda deyirdi ki, yenə saldırıblar bura, çıxanda xəbər eləyirdi. Bəzən deyirdi ki, içmirəm, yenə də bura saldırıb. Mənim qardaşım kimsəyə ziyan vuran adam olmayıb. Oğlundan şikayətlənirdi. Ancaq dərdini çox deyən adam deyildi”.
Yanğın günü M.Məmmədov xilas olandan sonra qaçıb bacısıgilə gəlib. Ə.Yəhyayeva məhkəmədə bildirib ki, onların evləri Narkoloji Mərkəzin yaxınlığındadır: “Səkkizin yarısında gəlmişdi. Dedi ki, səhərə yaxın qışqırıq eşidib, oyanıb. Mühafizəçilərə də kömək eləyib bir neçə başqa adamı çıxarmağa. Dedi ki, yanğın olan korpusdan çıxandan sonra onları bir başqa otağa salmaq istəyiblər, o da çıxıb gəlib. Bizə gələndə üstü bütün his idi. Pul verdim, gedib ayaqqabı, köynək aldı. Onları alanda araq da almışdı. Evin yaxınlığında içəndə gəlib onu aparmışdılar. Biz Narkoloji Mərkəzin yanında oluruq, oradan bizə beş dəqiqəlik yoldur. Oranı yandıran adam yaxınlıqda oturub araq içərdimi?”
S.Yəhyayev də bildirib ki, indiyədək qaynı M.Məmmədovdan pislik görməyib: “Deyirdi ki, oğul-qız böyütdüm, gör məni nə günə qoydular. Məhəmməd beş otağı oğlunun adına keçirdi, özü qaynaqçı idi, o işi də oğluna verdi. Oğul isə əl-qolunu bağlatdırıb Narkoloji Mərkəzə göndərirdi. Oradan çıxmağa qoymurdu ki, Məhəmməd məhkəməyə verib evi alar ondan”.
S.Yəhyayevin sözlərinə görə, M.Məmnədovun oğlu Narkoloji Mərkəzdəkilərə atası üçün başqa adamların gətirdiyi yeməyi qəbul etməməyi tapşırmışdı. Yeznəsi bildirir ki, bir gün Məhəmmədə yemək göndərmək istəyəndə həkim ona deyib ki, 20 manat versin, qəbul eləsinlər. O qədər pulu olmadığına görə geri qayıdıb: “Məhəmməd adi toyuq başı kəsə bilmir, bu cür hadisəni necə törədə bilərdi?”
Məhkəmə prosesi oktyabrın 25-nə qədər təxirə salınıb.
Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.
A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.