Narkodispanserin sabiq baş həkimi 25 nəfərin öldüyü yanğın barədə nələr danışdı?

“Oradakı rüşvətdən xəbərim olmayıb”

Source:
Narkoloji mərkəz (illüstrasiya)
Narkoloji mərkəz (illüstrasiya)


“Oradakı rüşvətdən xəbərim olmayıb”

Respublika Narkoloji Mərkəzində ötən il martın 2-də 25 nəfərin ölümünə səbəb olmuş yanğına görə cinayət məsuliyyətinə cəlb olunan dörd nəfərin – mərkəzin baş həkimi Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, spirtli içki asılılığına görə orada müalicə alan Məhəmməd Məmmədov və onun həkimi Afət Məmmədovanın məhkəməsi altı aydır ki, davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında yanğın təhlükəsizliyi qaydalarının pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən baş həkim T.Məmmədhəsənov ifadə verib. O, ittihamları qəbul etmədiyini, yanğının baş verməsində heç bir günahı olmadığını söyləyib.

İstintaq orqanı iddia edir ki, yanğını orada müalicə alan Məhəmməd Məmmədov törədib. Onu da ailə üzvləri uzun illərdir rüşvət müqabilində orada saxlatdırırlar.

T.Məmmədhəsənov bildirib ki, heç bir xəstənin mərkəzdəki müalicəsi qanunsuz uzadılmayıb. Sabiq baş həkim deyib ki, xəstənin qəbulu, onun müalicəsinə nəzarət onun işi deyildi:

“Təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər, müalicələri bitəndə də könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, mən heç Məhəmmədin ailəsini tanımıram”.

T.Məmmədhəsənov bildirib ki, mərkəzin binası köhnə, xəstələr üçün yerlər az olduğundan yeni binanın tikintisi üçün özləri mürciət ediblər. Onun sözlərinə görə, xəstələr orada dövlət hesabına müalicə alırdı: “Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi. İttihamda da yazılıb ki, bu yanğın hadisəsi qəsdən törədilən cinayətdir. Belə olan halda, mən niyə məsuliyyət daşımalıyam? Bina özü də köhnə və yararsız idi. Mən cadugərəm ki, kimin ağlında nə olduğunu, kimin oranı yandırmaq istədiyini əvvəlcədən bilim?

Çıxışının sonunda T.Məmmədhəsənov ömür boyu dövlətə, millətə xidmət etdiyini, YAP üzvü olduğunu vurğulayaraq, bütün bunların və ailə vəziyyətinin nəzərə alınmasını, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra prokurorun və vəkillərin suallarını cavablandıran T.Məmmədhəsənov bildirib ki, Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq, mərkəzdə yoxlamalar aparır, aşkarlanan nöqsanlar haqda onları məlumatlandırırdı. Onlar da həmin nöqsanları aradan qaldırmağa çalışırdılar: “Mən həmin aktların surətlərini, nöqsanları rəhbər orqanlara göndərmişdim”.

Zərərçəkmiş Məhbubə Dəmirova Mərkəzdə xəstələrin pulsuz müalicəsi barədə sabiq baş həkimin söylədiklərinə etiraz edib. Bildirib ki, şəxsən onun həyat yoldaşından müalicəyə qəbul üçün rüşvət alınıb.

“Mənə xəstələrdən pul alınması barədə heç bir məlumat verilməyib. Məlumatım olsaydı, tədbir görərdim”, – deyə T.Məmmədhəsənov bildirib.

Sabiq baş həkim onu da əlavə edib ki, hansısa işi özbaşına görmək üçün Narkoloji Mərkəzin maliyyə müstəqilliyi yox idi. Onun sözlərinə görə, mərkəzə ancaq maaş və dəftərxana xərcləri üçün vəsait ayrılırdı. Təmir-tikinti xərcləri üçün vəsait nəzərdə tutulmamışdı. Xəstələrə verilən yemək isə mərkəzləşdirilmiş qaydada hazırlanıb göndərilirdi: “Səlahiyyətli orqana yazırdıq ki, bu qədər yataq dəsti lazımdır, özləri hazırlayıb göndərirdilər. Ona görə də Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən qüsurların hamısının aradan qaldırılması bizim gücümüzdə olan məsələ deyildi”.

Məhkəmə prosesi 1 fevrala qədər təxirə salınıb.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir. M.Məmmədov bildirir ki, yanğını o törətməyib, ailəsi tərəfindən atıldığını və kimsəsiz olduğunu görüb, işgəncə ilə boynuna qoyublar.

Ana səhifəXəbərlərNarkodispanserin sabiq baş həkimi 25 nəfərin öldüyü yanğın barədə nələr danışdı?